Ekspert: “Cənub Qaz Dəhlizi Avropanın enerji suverenliyinə böyük töhfədir”

Ekspert: “Cənub Qaz Dəhlizi Avropanın enerji suverenliyinə böyük töhfədir” O qeyd edib ki, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu çox böyükdür
Energetika
13 Fevral , 2021 12:25
Ekspert: “Cənub Qaz Dəhlizi Avropanın enerji suverenliyinə böyük töhfədir”

“Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasının pandemiya ilə əlaqədar olaraq, fərqli formatda belə olasa, baş tutması onun əhəmiyyətinə dəlalət edən faktordur”.

Bunu “Report”a açıqlamasında Prezident İlham Əliyevin iştirakı ilə keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasında müzakirə edilən mövzulara münasibət bildirən iqtisadçı-ekspert Amal Həsənli deyib.

Onu sözlərinə görə, ötən dövr ərzində Şura layihə iştirakçısı olan ölkələrin qarşılıqlı əməkdaşlığını keyfiyyətcə yeni bir səviyyəyə çatdırmağa müvəffəq olub: “Bildiyimiz kimi, qlobal koronavirus pandemiyası ilə mübarizə çərçivəsində dünya üzrə müxtəlif məhdudiyyət tədbirləri həyata keçirildi. Buna baxmayaraq, layihənin icrasında qrafiktən geriqalmalar kritik sayıla bilməyəcək səviyyədə oldu. Bu, ilk növbədə, bütün iştirakçıların vahid komanda şəklində fəaliyyətinin nəticəsidir. Belə koordinasiya qlobal miqyasda qəbul oluna biləcək bir uğurlu əməkdaşlıq modeli kimi də örnək göstərilə bilər”.

O qeyd edib ki, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu çox böyükdür: “Avropanın enerji suverenliyi məsələsi xüsusilə son illər əhəmiyyətli dərəcədə qabardılır. “Köhnə kontinent” enerji istehlakı kanallarının diversifasiyası istiqamətində sistemli şəkildə iş aparır. Azərbaycan qazının Avropa istehlakçısına çatdırılmasına da bu strategiyanın tərkib hissəsi kimi baxıla bilər. Ona görə bu layihənin Avropa üçün, hətta deyərdim ki, qlobal müstəvidə əhəmiyyəti danılmazdır. Ölkəmizə verilən önəm isə təkcə karbohidrogen ehtiyyatları ilə bağlı deyil. Belə ki, Avropaya qaz başqa yerlərdən də çatdırıla bilər. Bu ilk növbədə Azərbaycanın etibarlı tərəfdaş statusu ilə bağlıdır və ona verilən önəmin göstəricisidir”.

A.Həsənli diqqətə çatdırıb ki, layihənin realaşmasının Azərbaycana vəd etdiyi iqtisadi-siyasi dividendlər ölkəmizin regional lider statusunda möhkəmlənməsinə mühüm töhfə verəcək.

“Vətən müharibəsində möhtəşəm zəfər qazan Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Lakin düşmən 30 ilə yaxın vaxtda həmin ərazilərdə barbarlıq edərək daşı-daş üstündə qoymayıb. Qarşıdakı illərdə azad olunan torpaqların bərpası əsas prioritet olacaq. Bu mənada “Cənub Qaz Dəhlizi”nin realaşdırılması ölkəmizə orada quruculuq və bərpa işlərinin həyata keçirilməsi üçün geniş maliyyə imkanları vəd edir. Digər tərəfdən dövlət siyasətinin əsas istiqamətlərindən biri olan sosial sferada yeni layihələrin icrası üçün imkan yaranacaq. Bu vəsaitlər həm də büdcə gəlirlərinin davamlılığını təmin edəcək. Dayanıqlı iqtsadi inkişaf üçün etibarlı təhlükəsizlik yastığı formalaşdıracaq”, - ekspert vurğulayıb.

Amal Həsənli
Amal Həsənli

Fevralın 11-də Bakıda videokonfrans formatında "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclası keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Serbiya, İtaliya, Böyük Britaniya, ABŞ, Yunanıstan, Rumıniya, Türkmənistan, Albaniya, Xorvatiya, Monteneqro, Macarıstan, Bosniya və Herseqovina, Şimali Makedoniyanın nazir və nazir müavinləri, müxtəlif dövlət qurumlarının yüksək səviyyəli təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson, Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi, həmçinin layihədə iştirak edən şirkətlərin, beynəlxalq maliyyə qurumlarının nümayəndələri iştirak ediblər.

Nazirlərin VII iclası Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Komissiyasının enerji məsələləri üzrə komissarı, Məşvərət Şurasının həmsədri xanım Kadri Simsonun açılış və salamlama nitqlərindən sonra layihə üzrə görülmüş işlərə, həmçinin layihənin perspektivlərinə həsr olunmuş iki plenar sessiya ilə davam etdirilib.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı isə 2020-ci il fevralın 28-də keçirilib.

Son xəbərlər

Orphus sistemi