Ekspert: "Azərbaycanın hidrogen təşəbbüsləri Avropanın tələblərinə uyğundur"

Ekspert: "Azərbaycanın hidrogen təşəbbüsləri Avropanın tələblərinə uyğundur" Son illər dünyada təmiz enerjiyə keçidlə əlaqədar atılan addımlar bu sahədə çox böyük yeniliklərə gətirib çıxarır. Əgər təxminən 15 il öncə alternativ və bərpa olunan enerjinin ümumi enerji bazarında möhkəmlənməsi üçün fəaliyyətlər həyata keçirilirdisə, a
Energetika
18 Noyabr , 2021 16:10
Ekspert: Azərbaycanın hidrogen təşəbbüsləri Avropanın tələblərinə uyğundur

Son illər dünyada təmiz enerjiyə keçidlə əlaqədar atılan addımlar bu sahədə çox böyük yeniliklərə gətirib çıxarır. Əgər təxminən 15 il öncə alternativ və bərpa olunan enerjinin ümumi enerji bazarında möhkəmlənməsi üçün fəaliyyətlər həyata keçirilirdisə, artıq indi bu enerji növü bazarın müəyyən hissəsini əhatə edir. Hidrogen enerjisi ilə bağlı ilkin uğurlu tədqiqatları təmiz enerji mənbələrini daha da şaxələndirdi. Artıq dünyanın bir sıra ölkələri bu enerji növü ilə çalışan maşın və mexanizmlərdən uğurla istifadə edib.

Ən qədim enerji emalı təcrübəsinə malik Azərbaycan da bu gün bu proseslərdən kənarda qalmamağa çalışır. İqtisadiyyatın şaxələnməsinə xidmət edən bu addımlar həm də ixrac gəlirlərinin də diversifikasiyasına şərait yaradır. Ötən ilin sonunda Azərbaycan qazı dünyanın ən böyük istehlak bazarı olan Avropa bazarına daxil oldu.

Ötən həftə ölkəmizə səfər edən türk iş adamları Azərbaycanın hidrogen istehsalçısı və ixracatçısı kimi böyük potensialı olduğunu qeyd ediblər. Azərbaycan energetika naziri Pərviz Şahbazov da Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) energetika nazirlərinin 23-cü görüşündə çıxışı zamanı hidrogen enerjisi ilə bağlı fəaliyyətləri dəstəklədiklərini bildirib.

Həmçinin TAP Konsorsiumunun Xarici əlaqələr şöbəsinin müdiri Vüqar Veysəlov da açıqlaması zamanı Trans-Adriatik Boru Kəməri (TAP) ilə hidrogen ixracının mümkün olduğunu qeyd edib:
"Hidrogen karbon-neytral gələcəyə nail olmaq üçün vacib bir elementdir və Trans-Adriatik Qaz Boru Kəməri bunu aktiv şəkildə izləyir.

Biz TAP-ın təbii qaz və hidrogen qarışığının nəqlini texniki olaraq necə uyğunlaşa biləcəyini qiymətləndirmək mərhələsindəyik. Xüsusilə də boru kəmərinin ötürücülük gücü 20 milyard kubmetrə qədər genişləndirildiyi halda, istənilən yeni avadanlıqların layihələndirilməsi üçün gələcək potensial tələbat və tələblərin nəzərə alınması vacibdir”.

Enerji məsələləri üzrə ekspert İlham Şaban “Report”a açıqlamasında bildirib ki, Azərbaycan hökumətinin atdığı addımlar dünyada baş verən yeniliklərdən kənarda qalmamağa xidmət edir:

“Azərbaycanı bir sıra qonşu ölkələrdən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, bu dünyadan geri qalmaq istəmir və bütün enerji təşəbbüslərinə özünün töhfəsini vermək istəyir. Bir məsələni də əlavə edim ki, hökumətimizin atdığı addımlara baxanda onun arxasında kommersiya dayandığını görürük. Bir sözlə tam əminliklə demək olar ki, biz heç vaxt siyasi çaları olan layihələrin dalınca qaçmamışıq.

Avropa İttifaqının sırf hidrogen enerjisi ilə bağlı xüsusi proqramı var. Qarşıdakı illərdə təkcə bunun öyrənilməsinə 50-60 milyard avro vəsait sərf ediləcək. Bura infrastrukturun yaradılması və idarə edilməsi, qazın hansı formada hidrogenə çevrilməsi və s. istiqamətlər daxildir. Hidrogen enerjisi alındısa və əgər onu istifadə edən avtomobillər, avadanlıqlar yoxdursa necə tətbiq edə bilərik?! Bu sistem yaradılmalıdır ki, artıq 2035-ci ildən sonra 100 milyard avrodan çox vəsait məhz infrastrukturun qurulmasına xərclənəcək.

Biz artıq o mərhələdiyik ki, bir qaz ölkəsi olaraq Avropa bazarının tələblərini və gələcək çağırışlarını nəzərə almaqla siqnal veririk. Bu yöndə də fəaliyyət göstəririk. Çünki bu bazar bizim üçün əsas bazardır. Hesab edirəm ki, ölkənin enerji sektorunun rəsmiləri müxtəlif tədbirlərdə verdiyi mesajlar doğrudur və gələcəyə hesablanıb”.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə hesab edir ki, Azərbaycan bu sahədə dünya ölkələrinin təcrübəsini mənimsəməlidir:

“Bu gün hidrogen enerjisi artıq dünya nəqliyyat sektorunda olunmağa başlayıb. Dünyanın bir çox aparıcı avtomobil istehsalçıları artıq hidrogenlə çalışan avtomobilləri istehsal ediblər. Bura həm Yaponiyada, həm Avropada, həm də ABŞ-da olan istehsalçılar daxildir. Hətta Çin avtomobil bazarında da xalq arasında “su ilə işləyən” deyilən əslində isə hidrogenlə çalışan avtomobillərin istehsalı var.

Hazırda dünya bazarında bu tip yanacaqdan istifadə edən nəqliyyat vasitələri əsasən Yaponiya istehsalı olan nəqliyyat vasitələridir və artıq onlar da getdikcə Avropa bazarında daha da satış arealını artırır. Adından da göründüyü kimi hidrogenlə çalışan avtomobillər su kristalları ilə havanın təması nəticəsində yaranan enerji ilə hərəkətə gəlir.

İşlərin bu dərəcədə sürətlə getməsi onu göstərir ki, gələcəkdə nəinki minik avtomobilləri, hətta avtobuslar, gəmi və təyyarələr də hidrogenlə çalışacaq".

E.Cəfərov hesab edir ki, Azərbaycan neft-qaz ölkəsi olaraq hidrogen istehsalını da həyata keçirə bilər və nəqliyyatda buna artıq tələbat var: "Məncə hidrogen istehsalı rentabelli ola bilər və biz bu gündən başlayaraq gələcəyə doğru baxmalıyıq. Bu isə iqtisadiyyatımızın daha da şaxələnməsinə və nəticədə inkişafa gətirib çıxara bilər.

Ölkəmiz hidrogen istehsalı texnologiyalarını mənimsəmək və təkmilləşdirmək üçün qabaqcıl xarici ölkələrin təcrübəsindən istifadə edə bilər”.

Son xəbərlər

Orphus sistemi