Ekspert: “Azərbaycandan təbii qaz tədarükü Serbiyanın enerji təhlükəsizliyini gücləndirəcək”

Ekspert: “Azərbaycandan təbii qaz tədarükü Serbiyanın enerji təhlükəsizliyini gücləndirəcək” Azərbaycandan Serbiyaya təbii qazın tədarükü bu ölkədə “mavi yanacaq” təchizatının təhlükəsizliyini gücləndirəcək.
Energetika
21 Noyabr , 2023 19:23
Ekspert: “Azərbaycandan təbii qaz tədarükü Serbiyanın enerji təhlükəsizliyini gücləndirəcək”

Azərbaycandan Serbiyaya təbii qazın tədarükü bu ölkədə “mavi yanacaq” təchizatının təhlükəsizliyini gücləndirəcək.

Bunu “Report”a açıqlamasında enerji siyasəti üzrə serbiyalı ekspert Straxinya Obrenoviç deyib.

Ekspert xatırladıb ki, Serbiya hazırda təbii qaza olan daxili tələbatının böyük hissəsini Rusiyadan tədarük hesabına ödəyir: “Lakin Rusiya təbii qazının Ukrayna ərazisindən tranziti ilə bağlı saziş tamamilə ləğv oluna biləcəyi üçün Rusiya “mavi yanacağı”nın stabil nəqli təhlükə altındadır. Digər tərəfdən, Bolqarıstan Rusiya təbii qazının tranziti üçün tarifləri artırıb”.

Onun sözlərinə görə, qeyri-sabit geosiyasi vəziyyət və Qərblə Rusiya arasında gərginliyi nəzərə alaraq, Belqrad təbii qaz tədarükü üçün əlavə etibarlı mənbələr tapmağa çalışır: “Təbii ki, Azərbaycandan tədarükün həcmi ölkəmizin daxili tələbatını tam ödəyə bilməyəcək. Lakin Azərbaycan Serbiya üçün mühüm əlavə tədarük mənbəyinə çevriləcək. Bundan əlavə, Azərbaycan təbii qazı Cənub-Şərqi Avropanın bəzi ölkələrinə bir bazardan, yəni Rusiyadan asılılığını azaltmağa yardım göstərə bilər”.

S.Obrenoviç vurğulayıb ki, Azərbaycan hazırda regional və qlobal enerji bazarında mövqeyini gücləndirməyə daha çox səy göstərir: “Üstəlik, Xəzər dənizində yeni yataqların istismarı Avropa bazarına “mavi yanacaq” tədarükünü artırmağa imkan verəcək”.

Xatırladaq ki, ötən həftə Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviçin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında və SOCAR ilə “Srbijagas” arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu”, həmçinin “SOCAR və “Srbijagas” şirkətləri arasında qaz satışına dair Müqavilə” imzalanıb.

İmzalanmış strateji əhəmiyyətli sənədlərlə Azərbaycandan Serbiyaya ilk dəfə qaz tədarükü də daxil olmaqla qaz sahəsində çoxşaxəli əməkdaşlığın əsası qoyulub. Serbiya Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində yeni tərəfdaşıdır. Serbiyaya illik 400 milyon kubmetrə qədər qazın tədarükü nəticəsində Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 8-ə çatacaq.

Qeyd edək ki, Anlaşma Memorandumu qaz tədarükündən əlavə Serbiyaya LNG tədarükü, qaz anbarı sahələrində SOCAR-la əməkdaşlıq və şirkətin qaz ticarəti əməliyyatlarında, həmçinin qazla işləyən elektrik stansiyasının inşasında iştirak imkanlarının araşdırılmasını da nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi