Yuxarı

Ekspert: “Azərbaycanda 1000 kubmetr qazın istehlakçıya çatdırılması 156 manata başa gəlir”

​Ekspert: “Azərbaycanda əhaliyə verilən qaz sırf səmt qazı deyil”

SOCAR-ın 2018-ci il üzrə illik hesabatında qeyd edilib ki, hesabat ilində şirkət üzrə satılan 1000 kubmetr qazın faktiki xərci 155,75 manat təşkil edib. Təbii qazın faktiki xərcinin 1000 kubmetrinin 57,6 manatı təkcə qazın çıxarılmasının maya dəyəridir.

 Bunu “Report”a Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov bildirib.

Ekspert qeyd edib ki, bura nəqletmə xərcləri, Qaradağ rayonunda Qaz Emalı Zavodunda təmizlənməsi və qurudulması xərcləri, əhaliyə çatdırılmadan öncə qazın tərkibinə vurulan adarant maddəsinin dəyəri, həmçinin boruların korroziyadan mühafizə olunması, işçilərin xidmət pulu da daxil olduqda istehlakçıya çatan qazın maya dəyəri qat-qat yüksək olur: "Qaz bir təzyiqdən başqa təzyiqə keçdikdə borularda buzlanma əmələ gəlir ki, onun da tərkibinə metanol maddəsi vurulur. Bu qiymət də xərclərə daxildir”.

 O vurğulayıb ki, bu gün Azərbaycanda əhaliyə verilən qazın sırf səmt qazı olması ilə bağlı deyilənlər cəfəngiyyatdan və şayiədən başqa bir şey deyil.

Azərbaycanın illik qaz tələbatı 11 mlrd. kubmetrdir. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) verdiyi səmt qazının həcmi o qədər azdır (Bu ilin 9 ayında 1,6 mlrd. kubmetr) ki, onu istehlakçıya göndərməklə bugünkü istehlak tələbatını ödəmək mümkün olmaz. Azərbaycanda əhaliyə verilən qazın böyük hissəsi SOCAR-ın hasil etdiyi qazdır. SOCAR-ın qaz hasilatında səmt qazının payı azlıq təşkil edir. Şirkətin hasil etdiyi qazın 76%-i fontan qazıdır.

Ölkədə təbii qaza tələbat ilbəil artır. SOCAR öz hasil etdiyi qazın, demək olar ki, hamısını daxili tələbata yönləndirir. Bununla belə, SOCAR-ın öz hasil etdiyi qaz da ölkənin tələbatını tam ödəməyə yetərli olmur. Buna görə “Şahdəniz” yatağından, həmçinin “Azəri-Çıraq-Günəşli” yatağından qaz da əlavə olaraq alınır. Yəni Respublikada istehlak edilən qaz SOCAR-ın hasil etdiyi qaz, “Şahdəniz” qazı və AÇG qazından formalaşır. AÇG-dən hasil edilən qaz səmt qazıdır, “Şahdəniz”dən hasil edilən qaz isə fontan qazıdır. Nəticədə səmt qazının payı ümumi istehlak edilən qazın daxilində 30%-dən azdır. Ümumiyyətlə, təbii qaz nəql zamanı borularda qarışır, yəni "o qazı buraya verək, digər qazı oraya verək" kimi bir şey mümkün deyil. Bu isə o deməkdir ki, Azərbaycanda əhalinin məişətdə istifadəsi üçün verilən qaz sırf səmt qazı deyil”.

Nüsrət Qasımov

Ekspert Nüsrət Qasımov

"Bu gün dünyada ən təmiz qaz Azərbaycanda hasil olunur".

N.Qasımov vurğulayıb ki, bu gün dünyada ən təmiz qaz Azərbaycanda hasil olunur. Onun sözlərinə görə, bu qazın 94-96 faizi metandan ibarətdir: “Bu gün bəziləri iddia edir ki, qazın tərkibində zəhər var, amma bunun hansı zəhər olduğunu heç kəs söyləmir. Onların heç biri isə bütün bunları hansı laboratoriyada yoxladıqlarını deyə bilmirlər. Düşünürəm ki, ümumiyyətlə, Azərbaycanın məhsullarını pisləmək düzgün deyil. Bu gün Azərbaycan qazı Türkiyəyə, Gürcüstana ixrac edilir, gələcəkdə Avropaya ixrac olunacaq. Təbii qazın ixracı Azərbaycan büdcəsinə gəlir gətirir. Bəziləri də çıxıb Azərbaycan qazını pisləyir. Düşünürəm ki, Azərbaycan qazının pisləyərək gözdən salmaq ədalətli deyil”.

O, məlumat verib ki, qazın öz standartı var və hökumət onu nəzarətdə saxlayır və qazın keyfiyyəti daimi olaraq yoxlanılır: “Bu gün “Azəriqaz” İstehsalat Birliyinin özünün laboratoriyası var ki, mütəmadi olaraq müxtəlif yerlərdən qaz götürülür və yoxlanılır. Əgər əhaliyə verilən qazın tərkibində təmizlənməmiş qaz və digər kənar maddələr varsa, onlar bu laboratoriyada onu aşkar edirlər”.

Ekspert həmçinin qeyd edib ki, bu gün dünyada ən ucuz qaz elə Azərbaycanda satılır.

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, hazırda İB-nin təmin etdiyi istehlakçıların təbii qaza olan gündəlik tələbatı payız-qış mövsümündə 35-38 mln. kubmetr, yaz-yay mövsümündə isə 7-8 mln. kubmetr civarındadır. 2018-ci ildə ölkədə istehlakçıların  təbii qaza olan illik tələbatı 6 mlrd. kubmetrə yaxın olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi