Ekspert: “Azərbaycan qazını Türkiyədən keçməklə Ukraynaya çatdırmaq mümkündür”

Ekspert: “Azərbaycan qazını Türkiyədən keçməklə Ukraynaya çatdırmaq mümkündür” Ukraynanın Azərbaycandan qaz almaq istəyi yeni bir ideya deyil və bu ideya hələ 1990-cı illərdə mövcud olub.
Energetika
1 İyun , 2022 17:33
Ekspert: “Azərbaycan qazını Türkiyədən keçməklə Ukraynaya çatdırmaq mümkündür”

Azərbaycan qazının Türkiyə ərazisindən keçərək hazırda işlək vəziyyətdə olmayan Trans-Balkan Boru Kəməri ilə Ukrayanaya ötürülməsi mümkündür.

Bunu “Report”a açıqlamasında enerji məsələləri üzrə ekspert İlham Şaban deyib.

"Ancaq bu zaman o Boqlarıstandan və Rumıniyadan da keçəcək. Ümumiyyətlə Ukraynanın Azərbaycandan qaz almaq istəyi yeni bir ideya deyil və bu ideya hələ 1990-cı illərdə mövcud olub", - ekspert bildirib.

İ.Şaban xatırladıb ki, növbəti belə ideya 2000-ci illərin ortasında gündəmə gəlib:

“Ukrayna tərəfinin belə bir ideyası var idi ki, Azərbaycan və digərXəzər ölkələrinin qazı Gürcüstan sərhəddinə çatdırıla, oradan Qara dənizin dibi ilə Ukraynaya gətirilməklə Ukraynanın tələbatı üçün istifadə edilə və Ukraynanın mövcud kəmərlər sistemi ilə tranzit olaraq Avropaya nəql edilə bilər. Təəssüf ki, kommersiya baxımından buna Avropadakı şirkətlər qoşula bilmədi. Dİgər tərəfdən, o zaman bu kəmər Rusiyanın 2000-ci ildə inşa etdiyi və 2003-cü ildən istismarda olan Türkiyəyə yönəlmiş "Mavi Axın" kəməri ilə kəsişməli idi".

İ.Şaban qeyd edib ki, Ukraynanın Azərbaycandan qaz idxal etməsi hazırda mümkün olmasa da, sonrakı dövrlərdə nəzəri baxımdan mümkündür:

“Azərbaycan neft və qaz layihələrini kommersiya yönümündə həyata keçirir. Azərbaycan elə ölkə deyil ki, hansısa siyasi məqsədlər güdən layihələrdə iştirak etsin. Bizim əsas istəyimiz dünya bazarında öz təbii resurslarımızı kapitala çevirməkdir".

Ekspert əlavə edib ki, neft və neft məhsullarına gəlincə, biz müstəqilliyimizi qazanandan sonra daim Ukrayna ilə bu sahədə əməkdaşlıq etmişik: "Hətta onlara barter və kredit yolu ilə də məhsul vermişik. Biz öz dəstəyimizi həmişə dost və bizə siyasi dəstəyini göstərən Ukraynaya göstərmişik”.

Xatırladaq ki, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan və Türkiyədən keçən Trans-Balkan magistral qaz kəməri Rusiya qazını Balkan ölkələrinə çatdırmaq üçün istifadə edilib.

1986-cı ildə tranzit qaz kəmərinin tikintisinə başlanılıb, onun vasitəsilə SSRİ qazı Rumıniya ərazisindən keçməklə Bolqarıstan, Türkiyə, Yunanıstan və Yuqoslaviyaya (Şimali Makedoniya) çatdırılıb. 1987-ci ildə bu marşrutla SSRİ-dən Türkiyəyə ilk qaz nəqli həyata keçirilib. 2002-ci ildə bu qaz kəmərinin ikinci xətti çəkilib. 2019-cu ildə Trans-Balkan qaz kəmərinin infrastrukturunun bir hissəsi (Türkiyə və Bolqarıstan ərazisində) "Balkan Axını" qaz kəmərinə daxil edilib.

Son xəbərlər

Orphus sistemi