“Albaniya Azərbaycanla iqtisadi, ilk növbədə enerji sahəsində əməkdaşlığın dərinləşməsində maraqlıdır”.
Bunu “Report”a açıqlamasında siyasi analitik, Tirana Universitetinin geosiyasət və ABŞ-ın xarici siyasəti üzrə müəllimi Şpendi Qaşi bildirib.
Onun sözlərinə görə, Albaniya məhdud yerli təbii qaz hasilatı olan, elektrik enerjisinin təminatı üçün demək olar ki, tamamilə hidroenerji resurslarından asılı ölkədir: “Bu baxımdan, Albaniya Balkan yarımadasında geostrateji təsirini genişləndirməyi bacaran Azərbaycan üçün arzuolunan istehlakçıdır”.
“Məlumdur ki, dünya fundamental şəkildə iki cəbhəyə bölünüb. Rusiya Federasiyası kimi nəhəng, tez-tez başqa dövlətlərə qarşı aqressiv olan bir ölkənin Qərbin sanksiyaları ilə oyundan kənarlaşdırıldığı bir şəraitdə Azərbaycan Avropa dövlətlərini təhdid edən enerji böhranının dərinləşməməsi üçün alternativ mənbə kimi çıxış edə bilər”, - siyasi analitik bildirib.
Ş.Qaşi qeyd edib ki, ölkələr arasında ittifaqlar ümumi maraqlar əsasında yaradılır: “Rusiya tərəfindən təchizatla bağlı fasilələrin yarandığı Avropanın, o cümlədən Balkan ölkələrinin enerji resurslarına ehtiyacı var. Azərbaycana isə enerji resurslarının tədarükü üçün daha geniş bazar lazımdır”.
Ekspert Albaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb: “Ölkələr arasında münasibətlər 1993-cü ildən başlayır. Bu illər ərzində mədəniyyət, ticarət, enerji, təhlükəsizlik kimi müxtəlif sahələrdə əməkdaşlıq etmişik. Bundan başqa, Albaniya hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi üçün Bakı ilə Tirana arasında siyasi təmaslar yüksək səviyyədədir”.