EIA neftə tələbata dair proqnozunu azaltdı

EIA neftə tələbata dair proqnozunu azaltdı 2021-ci ildə dünyada neftə gündəlik tələbatın həcmi 5,4 milyon barel artaraq 96,4 milyon barel təşkil edəcək
Energetika
11 Fevral , 2021 15:11
EIA neftə tələbata dair proqnozunu azaltdı

2021-ci ildə dünyada neftə gündəlik tələbatın həcmi 5,4 milyon barel artaraq 96,4 milyon barel təşkil edəcək.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (EIA) fevral hesabatında bildirilir.

Yanvar hesabatındakı proqnoz bundan 200 min barel çox olub.

Proqnoz dəyişikliyi ilin birinci rübündə tələbatın 1 milyon barel azalacağı gözləntilərilə bağlıdır.

“2021-ci ilin əvvəlində koronavirusa görə bir çox ölkələrdə ciddi məhdudiyyətlərin hələ də davam etməsi, Avropada peyvəndlənmənin ləng getməsi neft bazarındakı tarazlıq dəyişkənliyinin kövrək olmasını şərtləndirir”, - hesabat müəllifləri qeyd ediblər.

Bununla belə ikinci rübdən tələbatın gözlənilən dirçəlməsi nəticəsində OPEC+ ölkələrinin hasilatdakı məhdudiyyətlərini yumşalda biləcəyi irəli sürülür.

ABŞ-dakı gündəlik neft hasilatı 2020-ci ildə 0,94 milyon barel azaldıqdan sonra cari ildə ciddi maliyyə intizamı üzündən qiymət artımına baxmayaraq, 11,2 milyon barel səviyyəsində sabit qalacağı bildirilir.

OPEC+ formatına daxil olmayan ölkələrdə, o cümlədən ABŞ-ın əsas şistli bölgəsi olan Permian hövzəsində qazma işləri son aylar əlverişli qiymətlər fonunda artır.

“Bununla yanaşı, ABŞ şirkətlərinin hesabatlarına inansaq, operatorlar bu il ciddi maliyə intizamına riayət edərək əsas diqqəti sərmayələri qaytarmağa yönəldəcəklər”, - sənəddə qeyd olunur.

Eyni zamanda hasilatı rekord həddə çatdıran Kanada böhrandan əvvəlki göstəricilərə qayıtmağı bacarıb. Bütövlükdə OPEC+ formatının iştirakçısı olmayan ölkələrdə gündəlik hasilatın 2020-ci ildə 1,3 milyon barel azaldıqdan sonra cari ildə 830 min barel artacağı güman edilir.

Son xəbərlər

Orphus sistemi