ABŞ hökumətinin Enerji İnformasiyaları Administrasiyası (EIA) bu ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu dəyişməyib.
“Report” bu barədə EIA-ın sonuncu “Short-Term Energy Outlook - October 2020” hesabatına istinadən xəbər verir.
EIA-ın yeni proqnozuna görə, 2020-ci ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı 670 min barel təşkil edəcək. Bu, bu ilin ikinci rübünün göstəriciləri ilə müqayisədə 30 min barel və ya 4,3% azdır.
2020-ci ilin birinci rübü ilə müqayisədə isə Azərbaycanda gündəlik orta neft hasilatı üzrə proqnoz 100 min barel və ya 13% azalıb. 2019-cu ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə də bu rəqəm 100 min barel azdır.
EIA-ın yenilənmiş proqnozuna görə, 2020-ci ilin dördüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı dəyişməz qalacaq və 700 min barel təşkil edəcək. Bu, ötən ilin axırıncı rübün göstəricilərindən 60 min barel və ya 7,9% azdır.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 710 min barel təşkil edəcəyi proqnozlaşdırılır.