Amerika Neft İnstitutu (API) ABŞ-da ehtiyatların artması haqqında məlumat dərc etdikdən sonra dünya bazarlarında “qara qızıl”ın qiyməti ucuzlaşıb.
“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08.40-a olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,49% ucuzlaşaraq, 1 bareli 85,23 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti 0,67% düşərək, 1 bareli 84,09 ABŞ dolları təşkil edib.
İnvestorlar API-nin ABŞ-da neftin kommersiya ehtiyatları ilə bağlı məlumatlarını qiymətləndirirlər. Belə ki, ötən həftə ərzində ABŞ-da neft ehtiyatları 2,3 milyon barel artıb. Analitiklər isə cəmi 1,7 milyon barel artım gözləyirdilər.
Neft treyderləri üçün əsas hadisələrdən biri OPEC+ alyansının gələn həftə keçiriləcək iclası olacaq.