Əfqan İsayev: “SGC ekoloji təmiz yanacağın nəqli üçün danışıqlar aparır”
- 19 may, 2023
- 07:36
Cənub Qaz Dəhlizi (SGC) rəhbərliyi artıq öz tərəfdaşları ilə ekoloji təmiz yanacağın nəqli üçün bu boru kəmərləri şəbəkəsinin istifadəsi ilə bağlı danışıqlar aparır.
“Report”un “Business News Europe” nəşrinə istinadən verdiyi məlumata görə, bunu "Cənub Qaz Dəhlizi" QSC-nin icraçı direktoru Əfqan İsayev Səmərqənd şəhərində keçirilən Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik toplantısında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, artıq bununla bağlı Trans-Adriatik Boru Kəmərinin (TAP) mühəndis tədqiqatları başlayıb: “Bu mühəndis tədqiqatları ilə təbii qazla qarışmış hidrogenin boru kəməri ilə nə qədər nəql oluna biləcəyini anlamaq mümkün olacaq. Gözlənilir ki, 2024-cü ilin ortalarında bunun mümkün olub-olmaması bəlli olacaq. Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) üzrə də analoji tədqiqatlar davam edir”.
Ə.İsayev qeyd edib ki, SGC-nin boru kəmərlərinin potensial genişləndirilməsi üzərində iş gedir: “İlin sonuna qədər yekun investisiya qərarını verəcəyimizə ümid edirik".
O bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə imzalanmış memoranduma əsasən, Azərbaycan əlavə olaraq 10 milyard kubmetr qaz tədarük edə bilər: “Biz Azərbaycandan Gürcüstan və Türkiyə vasitəsilə Yunanıstan və ya Bolqarıstan və Rumıniyaya potensial qaz kəmərləri birləşmələri imkanlarını nəzərdən keçiririk”.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.
2027-ci ilədək boru kəmərinin ötürücülük qabiliyyətini ldə 20 milyard kubmetrə çatdırılması planlaşdırılır.