Əbdüləziz bin Salman: "OPEC+ formatının ehtiyatlı siyasəti özünü doğrultdu"

Əbdüləziz bin Salman: "OPEC+ formatının ehtiyatlı siyasəti özünü doğrultdu" "Ötən ay sizi ehtiyatlı və təmkinli yanaşmaya dəvət etmişdim"
Energetika
1 Aprel , 2021 19:02
Əbdüləziz bin Salman: OPEC+ formatının ehtiyatlı siyasəti özünü doğrultdu

OPEC+ formatının iştirakçı ölkələri tərəfindən son aylar yeridilən təmkinli siyasət özünü doğruldub və bu cür çevik addımlar qarşıdakı dövrdə də davam etdirilməlidir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının enerji naziri şahzadə Əbdüləziz bin Salman OPEC+ Nazirlər Monitorinq Komitəsinin iclasındakı açılış nitqi zamanı bildirərək neft bazarının dirçəlməkdən hələ də uzaq olduğunu qeyd edib.

“Ötən ay sizi ehtiyatlı və təmkinli yanaşmaya dəvət etmişdim. Hadisələrin mövcud istiqamətinə baxsaq, təəssüf ki, biz haqlı çıxdıq. Qarşıdakı həftələrə gəlincə, eyni diqqətli yanaşmamızı qoruyub saxlamalıyıq. Bazarın dirçəlməsinə dair qəti dəlillər ortaya çıxanadək ehtiyatlı mövqemizdə qalmalıyıq”, - deyə nazir vurğulayıb.

Xatırladaq ki, OPEC+ formatı nümayəndə heyətləri başçılarının videoformatında keçirilən görüşündə aprel ayından sonrakı dövrdə hasilatın ixtisarı ilə bağlı məsələni razılaşdırmaq nəzərdə tutulur. Belə ki, ötən il koronavirus pandemiyası üzündən neftə tələbatın xeyli azaldığı üçün OPEC+ formatı çərçivəsində 2020-ci ilin may ayından etibarən gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsinə nisbətən (Səudiyyə Ərəbistanı və Rusiya üçün 11 milyon barel həddinə nisbətən) 9,7 milyon barel ixtisar etmişdi. Bazardakı tələbat nisbətən bərpa olunca ixtisar da dəyişdirilərək cari ilin mart ayı üçün 7,05 milyon barel, aprel ayı üçün 6,9 milyon barel (Səudiyyə Ərəbistanının birtərəfli qaydada əlavə öhdəliklərilə birgə müvafiq olaraq 8,05 milyon və 7,9 milyon barel) həcmində təyin olundu. Hazırda OPEC+ cari vəziyyətə görə hər ay gündəlik 500 min barelədək hasilat dəyişikliklərinə gedir.

Son xəbərlər

Orphus sistemi