Bakı. 27 yanvar. REPORT.AZ/ Dünyanın ən böyük 5 neft şirkəti olan "Chevron", "ExxonMobil", "Royal Dutch Shell", BP və "Total"ın məcmu borcu neftin qiymətinin düşməyə başladığı 2014-cü ildən indiyədək 2 dəfədən çox artaraq 220 mlrd. ABŞ dollarına çatıb.
"Report"un "Nefterynok.info" saytına istinadən verdiyi xəbərə görə, bu məlumat ABŞ-ın "Jefferies İnternational" investisiya bankının hesabatında əks olunub. Bankın analitiklərinin fikrincə, borcun həcmi tezliklə azalmağa başlaya bilər. Belə ki, neftin qiymətinin 50 dollar/barelə yüksəlməsi şirkətlərin büdcələrini balanslaşdırmasına, əlavə borc almamasına səbəb olacaq.
Bankın hesabatına görə, neft qiymətlərinin 2014-cü ilə qədər 100 dollar/bareldən baha satıldığı dövrdə 5 şirkətin əməliyyat gəlirləri 180 mlrd. dollara yüksəlib. Lakin 2016-cı ildə bu göstərici 83 mlrd. dollar təşkil edib. Hazırda isə adı çəkilən şirkətlərin xərclərini azaltması və neft qiymətlərinin yüksəlməsi onların əməliyyat gəlirlərini 2017-ci ildə 142 mlrd. dollar, gələn il isə 176 mlrd. dollara çatmasına gətirib çıxara bilər. Buna səbəb, şirkətlərin işçilərini ixtisar edərək, daha münasib şərtlərlə müqavilələr imzalayaraq xərclərini azaltması olub.