Dünyada “Yaşıl enerji”yə keçid: Azərbaycanda görülən işlər və planlar

Dünyada “Yaşıl enerji”yə keçid: Azərbaycanda görülən işlər və planlar İşğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində məhz “yaşıl enerji” layihələrinə üstünlük verilir
Energetika
565
30 İyun , 2021 13:08
Dünyada “Yaşıl enerji”yə keçid: Azərbaycanda görülən işlər və planlar

Son illərdə qlobal enerji siyasətində əsas istiqamətlərdən biri enerji keçididir.

“Report”un məlumatına görə, enerji keçidi ən müasir texnologiyalar tətbiq edilməklə ənənəvi enerji resurslarının bərpa olunan enerji mənbələri ilə əvəz edilməsini özündə ehtiva edir. Bərpa olunan enerji texnologiyaları sürətli inkişafı və dünya ölkələrinin qarşıya qoyduqları iqlim hədəfləri “yaşıl enerji” keçidini sürətləndirməkdədir.

COVID-19 böhranının mənfi təsirlərinə baxmayaraq, 2020-ci ildə dünya miqyasında ümumi gücü 260 QVt-dan çox olan bərpa olunan enerji stansiyaları istismara verilib ki, bu, 2019-cu ildəki rekordu təxminən 50 % üstələyir.

Beynəlxalq Bərpa olunan Enerji Agentliyinin (IRENA) müvafiq hesabatından görünür ki, ötən il istismara verilmiş yeni elektrik enerjisi qoyuluş güclərinin 80 %-dən çoxunu bərpa olunan enerji təşkil edib, bunun 91 %-i isə günəş və külək enerjisinin payına düşüb. Ümumilikdə ötən ilin sonunda dünyada bərpa olunan enerjinin qoyuluş gücü 2 799 QVt təşkil edib, bu isə ümumi qlobal qoyuluş güclərinin üçdə biri deməkdir. Günəş və külək enerjisinin sürətli inkişafına baxmayaraq, hidroenerji hələ də 1 211 QVt qoyuluş gücü ilə ən böyük paya sahibdir.

2020-ci ildə günəş və külək enerjisi üzrə müvafiq olaraq 127 QVt və 111 QVt qoyuluş gücündə yeni enerji qurğuları quraşdırılıb. Bərpa olunan enerji mənbələri hesabına istehsal olunan enerji ümumi istehsalın 29 %-ni təşkil edir.

Dünya İqtisadi Forumunun müvafiq hesabatında qeyd edilir ki, əgər 10 il öncə günəş və külək enerjisi karbohidrogen əsaslı elektrik enerjisi istehsalı ilə müqayisədə iqtisadi cəhətdən rəqabətədavamlı deyildisə və qlobal olaraq cəmi 70 QVt gücündə günəş, 238 QVt gücündə külək elektrik stansiyaları quraşdırılmışdısa, 2020-ci ildə bu göstərici müvafiq olaraq 714 QVt və 733 QVt olub.

Dünyada ekoloji cəhətdən təmiz “yaşıl enerji”yə keçid sürətləndirən bir çox faktor var ki, bunlardan biri texnologiyanın inkişaf etməsi və qiymətinin ucuzlaşmasıdır. 20102019-cu illər arasında sənaye miqyaslı günəş elektrik stansiyalarında bir kilovat-saat elektrik enerjisinin qiyməti 82 %, külək elektrik stansiyalarında istehsal olunan enerjinin qiyməti isə 29 % ucuzlaşıb. Qiymətin aşağı düşməsinə kömək edən bir digər faktor isə dünyada bərpa olunan enerji hərraclarının geniş vüsət almasıdır ki, bu mexanizm “yaşıl enerji”dən istifadənin özəl investisiyalar hesabına inkişafına gətirib çıxarır. Ümumilikdə enerji keçidinə qlobal sərmayə 2011-ci ildə illik 300 mlrd ABŞ dollarından az olduğu halda, 2020-ci ildə təxminən 500 mlrd ABŞ dollara yüksəlib. Beynəlxalq Enerji Agentliyinin müvafiq hesabatına əsasən bərpa olunan enerji mənbələri üzrə investisiyalar 2021-ci ildə böyüməyə davam edəcək.

Bir çox beynəlxalq təşkilatlara görə bərpa olunan enerjidən istifadənin genişləndirilməsi enerji keçidinin vacib sütunlarındandır və sürətlə inkişaf etdirilməlidir. Bərpa olunan enerjinin enerji balansında daha yüksək payı iqtisadiyyatın şaxələndirilməsindən başqa, digər çoxsaylı faydalar gətirə bilir. Dünyada ekoloji cəhətdən təmiz enerji mənbələrindən istifadənin genişləndirilməsi Paris Sazişi çərçivəsində qəbul edilmiş öhdəliklərin icrasına da töhfəsini verir. Eyni zamanda, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin məlumatına əsasən ötən il bu sektorda dünyada 11,5 milyondan çox adam iş tapıb.

Azərbaycan da bərpa olunan enerji mənbələrindən istifadənin inkişaf etdirilməsi üzrə geniş potensiala malik olan ölkələrdəndir. Hazırda bərpa olunan enerji mənbələri üzrə potensialımız 27 000 MVt həcmində qiymətləndirilir. Külək enerjisi potensialı 3 000 MVt, günəş enerjisi potensialı 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çayları üzrə potensial isə 520 MVt həcmindədir.

Respublikamızın müxtəlif bölgələrində ümumi gücü 66 MVt təşkil edən külək, 40 MVt olan günəş, 38 MVt bioenerji elektrik stansiyaları, həmçinin 32 MVt gücündə kiçik su elektrik stansiyaları istismar olunur. 2020-ci ildə respublikada ümumi elektrik enerjisi istehsalı 25,8 mlrd kVt/st olub ki, bunun 1,3 mlrd kVt/st-ı böyük su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrinin payına düşüb.

Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürüldüyü və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə payının 30 %-ə çatdırılmasının (hazırda 17 % təşkil edir) hədəf kimi müəyyənləşdirildiyi nəzərə alınmaqla bu istiqamətdə bir çox işlər görülür. Bu sahədə ilk normativ sənəd kimi “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsi hazırlanıb, müvafiq prosedurlardan sonra 31 may 2021-ci il tarixində Azərbaycanın Milli Məclisində üçüncü oxunuşda qəbul edilib. Qanunda sahənin inkişafına özəl, o cümlədən xarici investisiyaların cəlbi istiqamətində mexanizmlər nəzərdə tutulub ki, bunlardan biri bərpa olunan enerji hərraclarının təşkilidir. Bu istiqamətdə Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsi həyata keçirilir. Layihə çərçivəsində hərrac qaydaları işlənilib hazırlanır.

Bununla yanaşı, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkəti ilə qoyuluş gücləri müvafiq olaraq 240 MVt olan külək elektrik stansiyası və 230 MVt gücündə günəş elektrik stansiyasnın tikintisi ilə bağlı pilot layihələrin həyata keçirilməsinə başlanılıb. Şirkətlərlə bu istiqamətdə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Bu 470 meqavatlıq stansiyaların təxminən 500 mln ABŞ dolları məbləğində tam xarici investisiya hesabına tikilməsi planlaşdırılır.

BP şirkəti ilə isə Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb.

Eyni zamanda, Asiya İnkişaf Bankının dəstəyi ilə “Üzən günəş panellərinin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” layihəsi həyata keçirilməkdədir. Bu layihə çərçivəsində Azərbaycanda ilk dəfə Böyükşor gölü üzərində 100 kVt gücündə pilot üzən fotovoltaik sistemin quraşdırılması nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri kimi “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi”nin müəyyənləşdirildiyini nəzərə alaraq qeyd etmək olar ki, qarşıdakı dövrdə bərpa olunan enerji mənbələrindən istifadəyə diqqət daha da artırılacaq. Prioritetin “yaşıl enerji məkanı” adlı alt məqsədinə uyğun olaraq eyni zamanda elektromobillərdən istifadə və enerji səmərəliliyi də diqqət mərkəzində saxlanılacaq.

İşğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində məhz “yaşıl enerji” layihələrinə üstünlük verilir. Həmin ərazilərdə 4 000 MVt-dan artıq günəş, 500 MVt-dək külək enerjisi potensialı mövcuddur. Eyni zamanda, Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir. Azərbaycanın yerli su ehtiyatlarının 25 %-i bu ərazidə formalaşır. Regionun Tərtərçay, Həkəri kimi əsas və digər kiçik çayları kifayət qədər əhəmiyyətli enerji potensialına malikdir.

Regiondakı digər mühüm enerji obyektləri “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarıdır. Qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarının inşasının 2-2,5 il ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Hazırda işğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası” Konsepsiyası və Baş Planının hazırlanması məqsədilə Yaponiyanın bu sahədə ixtisaslaşmış TEPSCO şirkəti ilə müqavilə imzalanıb. Hazırda bu istiqamətdə işlər həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi