Yuxarı

​Dünya neft bazarı OPEC-in cümə toplantısını gözləyir - PROQNOZ

Saxo Bank: Vyana toplantısında əsas diqqət hasilat səviyyəsinə yönəldiləcək

Bakı. 3 iyun. REPORT.AZ/ İyunun 5-də Vyanada (Avstriya) OPEC ölkələrinin ötən ilin noyabr ayından sonra ilk toplantısı keçiriləcək. Məhz noyabr görüşündə hasilat həcminin dəyişilməz qalması ilə bağlı qərarın qəbul olunması dünya neft bazarındakı qiymətləri bir gün ərzində 10% aşağı salıb. Həmin konfransda qiymətlərin stabilləşdirilməsi əvəzinə "təchiz et və idarə et" strategiyası ilə təşkilatın bazar payının qorunmasına üstünlük verməsi bazar iştirakçıları üçün gözlənilməz olub. Qərarın nəticəsi olaraq "Brent" markalı neft 77,75 ABŞ dolları/barel qiymətindən enməyə başlayıb və artıq 2015-ci ilin yanvarında 45,20 dollar/barel səviyyəsində qərarlaşıb. Həmin vaxtdan etibarən qlobal tələbdə artım, ABŞ-da enerji məhsullarına tələbin mövsümi yüksəlməsi, Çinin ucuz qiymətlərdən faydalanaraq ehtiyatlarını artırması strategiyasına başlaması "Brent" və WTI markalı neftin qiymətinin müvafiq olaraq hazırkı 65 dollar/barel və 60 dollar/barelədək yüksəlməsinə şərait yaradıb.

Bunu "Report" açıqlamasında "Saxo Bank"ın əmtəə strategiyaları bölməsinin rəhbəri Ole Hansen bildirib.

Onun fikrincə, 2014-cü ilin noyabr ayından etibarən Səudiyyə Ərəbistanı və İraqın gündəlik hasilatı toplam 1,1 mln. barel artırması OPEC ölkələrinə bazar payını qoruyub saxlamağa imkan verib. OPEC-in son iclasından sonra ABŞ-da fəaliyyətdə olan neft buruqlarının sayı 60%-dək azaldılıb ki, bunun nəticəsində hasilatda yavaşlama müşahidə olunmağa başlayıb (xüsusilə son həftələrdə) və gələcək aylarda da eyni tendensiyanın davam edəcəyi gözlənilir.

"Lakin hazırkı durumda OPEC-in "qələbə"yə sevinməsi hələ tezdir. Belə ki, ABŞ-da yavaşlamanın davamlılığı bilavasitə qiymətlərdən asılıdır. Fyuçerslər bazarında neft hasilatçıları tərəfindən mövcud qiymətlərdə hecləşdirmə əməliyyatlarının artması gələcək aylarda canlanmanın ilkin əlamətləri də ola bilər. Eyni zamanda, bir sıra istehsalçılar bəyan ediblər ki, WTI markalı neftin qiymətinin 65 dollar/barel göstəricisinə qayıdacağı halda hasilat həcmində əhəmiyyətli artım olacaq", - O.Hansen qeyd edib.

Bank rəsmisi əlavə edib ki, son zamanlar Səudiyyə Ərəbistanı və İraqın hasilatında müşahidə olunan artım hasilat həcminin müəyyən edilmiş gündəlik 30 mln. barel göstəricisini üstələməsinə səbəb olur. OPEC-in əsas diqqəti qiymətlərə deyil, bazar payına yönəltməsini nəzərə alaraq keçiriləcək toplantıda hədəf olaraq müəyyən ediləcək hasilat səviyyəsinin cari göstəriciyə uyğunlaşdırılması məsələsi xüsusi əhəmiyyət kəsb edir.

Səudiyyə Ərəbistanı və İraqın bu cür qərarın lehinə olacağı gözlənilir. Çünki bu, hər iki ölkənin hasilat həcmini artırmasını bir növ hüquqi yolla əsaslandırmağa yardımçı olacaq. Tələbin davamlı artımı barədə olan gözləntilər doğrulacağı halda, bazarın və bazar iştirakçılarının OPEC-in bu cür qərarına reaksiyası hiss olunmayacaq. Əks halda (tələbin artacağı ehtimalları reallaşmasa) və tələbin pik həddə olduğu yay aylarının ardınca ABŞ ehtiyatlarında növbəti intensiv artım müşahidə olunarsa, bazarın zəifləmiş vəziyyətində neft karteli kimin hasilatda dəyişiklik etməsi ilə bağlı çətinliklə üzləşəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi