Dünya Bankının GGFR təşkilatı Azərbaycanın təcrübəsini öyrənmək və dünyaya yaymaq istəyir

Dünya Bankının GGFR təşkilatı Azərbaycanın təcrübəsini öyrənmək və dünyaya yaymaq istəyir Qurumun illik toplantısı bu gün ilk dəfə Azərbaycanda keçirilir
Energetika
7 May , 2018 10:41
Dünya Bankının GGFR təşkilatı Azərbaycanın təcrübəsini öyrənmək və dünyaya yaymaq istəyir
Report/ Elchin Murad

Bakı. 7 may. REPORT.AZ/ Dünya Bankının “Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” (GGFR) Təşkilatının illik toplantısı bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təşəbbüsü ilə ilk dəfə Azərbaycanda keçirilir.

"Report"  xəbər verir ki, toplantı SOCAR ilə Dünya Bankının GGFR Təşkilatı arasında qlobal istiləşmə və iqlim dəyişmələrinin təsirinin azaldılması istiqamətində həyata keçirilən əməkdaşlığın 10-cu ildönümünə təsadüf edir. SOCAR, BP və Dünya Bankının GGFR Təşkilatının birgə layihəsi nəticəsində son illərdə atmosferə atılan ümumi 4,5 milyard kubmetrə qədər səmt qazı platformalarda tutularaq ölkənin qaz təsərrüfatına verilib. 

Bu gün və sabah keçiriləcək tədbir zamanı şamda yandırılan qazın azaldılması istiqamətində Azərbaycanın təcrübəsinin öyrənilməsi, əldə olunan yüksək nailiyyətlərlə yaxından tanışlıq və bu təcrübənin xaricdə tətbiqi məsələlərinin mümkünlüyünün müzakirəsi məqsədilə SOCAR-ın istehsalat ərazilərinə səfər təşkil olunacaq. Tədbirin işində dünyanın 18 ölkəsindən və 13 beynəlxalq neft-qaz şirkətindən 50 nəfər rəhbər şəxs və mütəxəssis nümayəndə təmsil olunur. Tədbirin açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə, Dünya Bankının ölkə üzrə meneceri Nəvid Nəqvi, GGFR Təşkilatının rəhbəri Kristofer Qilbert, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramı üzrə Rezident nümayəndəsi Qulam İsakzai və BP, Chevron, Exxon, “Norwegian Petroleum”, “Shell”, “Statoil”, “Total” və digər bu kimi beynəlxalq neft-qaz şirkətlərinin yüksək vəzifəli nümayəndələri iştirak edir. 

Toplantıda çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, bu gün bəşəriyyət bir neçə qlobal xarakterli problemlə üzləşib ki, bunlardan biri də ətraf mühitin qorunmasıdır: "Ekoloji problemlər bir ölkənin sərhədləri ilə məhdudlaşmır, bütün yer kürəsini əhatə edir. Bu səbəbdən SOCAR bu istiqamətdə əsas çalışmaları məhz beynəlxalq təşkilatlarla birgə həyata keçirir. Səmt qazının yandırılmasının azaldılması ətraf mühitin qorunmasına töhfə verməklə yanaşı, həm də bu dəyərli resursu ölkə iqtisadiyyatına qazandırır, iqtisadi dayanıqlığa xidmət edir”. 

Dünya Bankının ölkə üzrə meneceri Nəvid Nəqvi deyib ki, hazırda 75-dən çox hökumət, neft şirkəti və inkişaf institutları 2030-cu ilə qədər səmt qazının yandırılmasının sıfıra endirilməsi təşəbbüsünə qoşulub. "Azərbaycan və SOCAR-la artıq 10 ildir ki, karbon emissiyasının azaldılması istiqamətində səmərəli əməkdaşlıq edirik. Hesab edirəm ki, SOCAR-ın bu sahədə uğurlu təcrübəsi dünyamızın üzləşdiyi qlobal ekoloji problemin aradan qaldırılmasına mühüm töhfədir və bütün neft və qaz şirkətləri üçün nümunə ola bilər”. 

SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib ki, hər il 1 mlrd. kubmetr səmt qazı yığılaraq əhaliyə verilir: "Neft Daşları"ndan 280 mln.kubmetr, "Günəşli" yatağından 310 mln. kubmetr və "Çıraq" yatağından 350 mln. kubmetr səmt qazı toplanaraq əhalinin istifadəsinə yönəldilir".

Onun sözlərinə görə, dünya təcrübəsində qəbul olunmuş şamda yandırılan qazın əmsalı 5% olduğu halda, Azərbaycanda 2014-cü ildə bu göstərici 2%-ə, 2016-cı ildə 1,74%-ə, 2017-ci ilin avqust ayında 1%-ə endirilib: “Əminliklə deyə bilərəm ki, SOCAR  Dünya Bankının elan etdiyi “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” strategiyasına çatan ilk şirkət olacaq”.

Dünya Bankı 2002-ci ildə bir sıra hökumət və şirkətlərlə birlikdə Qlobal Səmt Qazı Yandırılmasının Azaldılması üzrə tərəfdaşlığa start verib. GGFR və Dünya Bankının səylərinin əsas məqsədi qaz ehtiyatlarını ölkələrin davamlı inkişafına və iqtisadiyyatlarının şaxələndirilməsinə yönləndirməkdir. Hər il dünyanın neft hasil olunan yerlərində 150 mlrd. kubmetr səmt qazı yandırılır. Bu, atmosferə 300 mln. tondan çox CO2 qazının emissiyasına səbəb olur. Əgər qlobal miqyasda yandırılan bütün qaz elektrik enerjisi istehsalına sərf olunsaydı, 750 mlrd. kilovat elektrik enerjisi yaranardı ki, bu da Afrika qitəsinin bir illik tələbatına bərabərdir. 

Son xəbərlər

Orphus sistemi