Dünya Bankı TANAP üçün BOTAŞ-a 400 mln. dollar kredit ayırıb

Dünya Bankı TANAP üçün BOTAŞ-a 400 mln. dollar kredit ayırıb Bununla bağlı imzalanma mərasimində Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak iştirak edib
Energetika
8 Fevral , 2017 17:05
Dünya Bankı TANAP üçün BOTAŞ-a 400 mln. dollar kredit ayırıb

Bakı. 8 fevral. REPORT.AZ/ Bu gün Dünya Bankı və Azərbaycan qazını Türkiyəyə, buradan isə Avropaya nəql edəcək Trans Anadolu Boru Kəməri (TANAP) layihəsində 30%-lik səhmdar BOTAŞ şirkəti arasında 400 mln. dollar məbləğində kredit sazişi imzalanıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, sənədi Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müller (Cyril Muller) və BOTAŞ-ın baş direktoru Burhan Özcan imzalayıblar.

Mərasimdə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak da iştirak edib. Nazir qeyd edib ki, TANAP-la ilk təbii qaz gələn il alınacaq. 

Onun sözlərinə görə, Türkiyənin digər beynəlxalq maliyyə qurumları ilə ümumilikdə 3 mlrd. dollarlıq kredit alması ilə bağlı razılıq əldə edilməsi prosesi bu il tamamlanacaq. 

Qeyd edək ki, yanvar ayında TANAP  layihəsi üzrə ayrılan kreditlə bağlı Azərbaycan hökuməti ilə Dünya Bankı arasında saziş imzalanıb. Sənədi Dünya Bankı tərəfindən Cənubi Qafqaz regionu üzrə direktoru Mersi Tembonun (Mercy Tembon), Azərbaycan tərəfindən "Cənub Qaz Dəhlizi” (SGC) QSC-nin baş direktoru Əfqan İsayev (benefisiar) və maliyyə naziri Samir Şərifov (zəmanətçi) imzalayıblar.

Dünya Bankının Direktorlar Şurasının dekabrın 20-də elan etdiyi qərarla TANAP-a ümumilikdə 800 mln. dollar kredit ayrılıb. Kreditin 400 mln. dollarını Azərbaycan dövlətinin zəmanəti ilə "SGC" QSC ("Cənub Qaz Dəhlizi"), digər 400 mln. dolları isə Türkiyə dövlətinin zəmanəti ilə BOTAŞ alıb.

Kredit Azərbaycan şirkətinə 30 il müddətinə, Türkiyənin BOTAŞ şirkətinə isə 29 il müddətinə verilib. Hər iki tərəf üçün ilk 5 il güzəşt müddəti kimi müəyyən edilib. 

Son xəbərlər

Orphus sistemi