Dünya Bankı Azərbaycanda BOEM sahəsinə dair layihə üçün maliyyələşməni artırmağı təklif edir
- 07 avqust, 2024
- 13:51
Dünya Bankı və Azərbaycan hökuməti ölkədə bərpa olunan enerji mənbələrinin (BOEM) şəbəkəyə inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi (AZURE) layihəsinə ümumilikdə təxminən 400 milyon ABŞ dolları maliyyə vəsaiti ayıracaq.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankının layihənin qiymətləndirilməsi ilə bağlı hesabatında qeyd edilib. İlkin qiymətləndirilmələrə görə, bu layihənin dəyəri 250 milyon ABŞ dolları təşkil edirdi.
Dünya Bankı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (IBRD) xətti ilə AZURE layihəsinə 284,8 milyon ABŞ dolları məbləğində kredit ayıracaq. Bu layihənin təsdiq edilməsi bankın Direktorlar Şurasında oktyabrın 31-də planlaşdırılır.
Layihə çərçivəsində Azərbaycan hökuməti “Biləsuvar” və “Bankə” günəş elektrik stansiyalarının (GES) “Navahı” və “Abşeron” yarımstansiyaların elektrik enerji sisteminə qoşulması ilə bağlı işlərin həyata keçirilməsinə 107,1 milyon ABŞ dolları ayıracaq. Bu maliyyəşdirmə hər iki GES-in 2026-cı ilin mart ayının sonuna qədər istismara verilməsinə imkan yaradacaq.
Dünya Bankı layihənin birinci komponenti çərçivəsində bərpa olunan enerjinin ötürülməsi şəbəkəsi infrastrukturunun gücləndirilməsi və inkişafına 218,4 milyon ABŞ dolları ayırmağı planlaşdırır. Buraya “Bankə”, “Biləsuvar” günəş elektrik stansiyalarının və Qobustan külək elektrik stansiyasının elektrik şəbəkəsinə inteqrasiyası üçün ötürücü infrastrukturunun yaradılması daxildir. Bu komponent iki altkomponentə ayrılır. Belə ki, birinci komponentin həyata keçirilməsi üçün nəzərdə tutulan maliyyə vəsaitinin 59 milyon ABŞ dolları yüksək gərginlikli yarımstansiyaların tikintisi və genişləndirilməsinə sərf olunacaq. Buraya “Navahı” yarımstansiyasının 500 kV-lıq hissəsinin (2x500 meqavat/amper) təchizatı və quraşdırılması, “Abşeron” və “Azərbaycan” istilik elektrik stansiyalarının yarımstansiyalarında 500 kV-lıq özəyin genişləndirilməsi, “Mingəçevir” su elektrik stansiyası, “Qobu” elektrik stansiyası və “Ələt” yarımstansiyasının 330 kV-luq özəyinin genişləndirilməsi daxildir.
İkinci alt komponent çərçivəsində isə yüksək gərginlikli elektrik ötürücü xətlərinin çəkilməsi nəzərdə tutulur. Bu işlərə isə 159,4 milyon ABŞ dolları ayrılacaq. Bu çərçivədə “Azərbaycan” İES-i “Navahı” yarımstansiyası ilə birləşdirəcək 235 kilometr uzunluğunda 500 kV-lıq birhalqalı hava xəttinin, o cümlədən “Navahı” yarımstansiyasından “Mingəçevir” SES-ə qədər 220 kilometrlik 330 kV-lıq, “Navahı” yarımstansiyasından “Qobustan” KES-ə qədər 60 kilometr uzunluğunda 330 kV-lıq, “Qobustan” KES-dən “Qobu” elektrik stansiyasına qədər 20 kilometr uzunluğunda 330 kV-lıq və “Navahı” yarımstansiyasından “Ələt” yarımstansiyasına qədər 20 kilometr uzunluğunda 330 kV-lıq hava xəttinin çəkilməsi nəzərdə tutulub.
İkinci komponent çərçivəsində dəyişən bərpa olunan enerji mənbələrinin (VRE) inteqrasiyası üçün təkmilləşdirilmiş sistem əməliyyatlarına və nəzarətə 48 milyon ABŞ dolları (əlavə 3,4 milyon ABŞ dolları gözlənilməz hallar üçün) dəyərində maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub. Bununla Batareya Enerji Saxlama Sistemi (BESS) idarəetmə blokunun və BESS/SCADA-nın idarə edilməsi üçün idarəetmə modulunun yaradılması, mərkəzi idarəetmə mərkəzində SCADA-nın modernləşdirilməsi, yeni proqram təminatının alınması və quraşdırılması planlaşdırılır.
Üçüncü komponent çərçivəsində isə layihənin icrasına dəstək nəzərdə tutulub. Bu komponentə isə 15 milyon ABŞ dolları dəyərində maliyyə vəsaiti ayrılacaq. Bu, əsas maraqlı tərəflərin işçi heyəti üçün bərpa olunan enerjinin genişləndirilməsi və tənzimlənməsi üzrə potensialın yaradılması və təlimlərin keçirilməsini, texniki araşdırmalar və məsləhət xidmətlərini əhatə edəcək.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. Bu günə kimi Azərbaycanda Bankın kredit vəsaitləri hesabına ümumi məbləği 4,4 milyard ABŞ dolları olan 54 layihə həyata keçirilib.