Dünya Bankı: “AMB iqlim risklərini maliyyələşdirmə mexanizmlərinə daxil etmək üçün plan hazırlayıb”

Energetika
  • 30 sentyabr, 2022
  • 15:05
Dünya Bankı: “AMB iqlim risklərini maliyyələşdirmə mexanizmlərinə daxil etmək üçün plan hazırlayıb”

Azərbaycan Mərkəzi Bankı (AMB) davamlılıq və iqlim risklərinin dövlət və özəl maliyyələşdirmə mexanizmlərinə daxil edilməsinə yönəlmiş fəaliyyət planı hazırlayıb.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının araşdırmasında deyilir.

Araşdırmaya əsasən, dövlət maliyyəsi dəyişən şərtlərə uyğunlaşır və bu, az karbonlu inkişafda maliyyə institutlarının mərkəzi rolunu göstərir: “Azərbaycan daha “yaşıl” inkişaf modelinə sadiq olsa da, bir sıra problemlərlə üzləşir. Azərbaycan təmiz ətraf mühitə sərmayə qoymağın və istixana qazının emissiyalarını azaltmağın xeyrinə seçim edərək dayanıqlı inkişafla bağlı qlobal səylərə qoşulub. Ölkə yer altından çıxarılan yanacağa əsaslanan iqtisadiyyatında mövcud məhdudiyyətləri aradan qaldırmaq üçün yeni istiqamətlər müəyyənləşdirir. Azərbaycanın makroiqtisadi siyasətinin yeni əsası iqtisadiyyatın orta və uzunmüddətli “hərəkətverici qüvvələrinin” dayanıqlılıq və şaxələndirmə istiqamətində dəyişdirilməsini əhatə edir”.

Dünya Bankının ekspertlərinin fikrincə, makroiqtisadi çərçivələr həm də BMT-nin “Davamlı İnkişaf üzrə 2030 Gündəliyi” çərçivəsində milli öhdəliklərin yerinə yetirilməsi üçün yeni prioritetlərin, həmçinin Paris Sazişinə töhfə kimi milli səviyyədə qarşıya qoyulan iddialı məqsədlərin həyata keçirilməsinə dəstək verəcək: “Azərbaycanın son strateji inkişaf planları qlobal az karbonlu inkişaf tendensiyalarını, eləcə də neft iqtisadiyyatı üçün uzunmüddətli çağırışları nəzərə alır. Azərbaycanın yer altından çıxarılan yanacaq növlərindən yüksək asılılığın aradan qaldırılması üçün mərhələli şəkildə bu yanacaqdan imtina etmək planına ehtiyac var. 1990-cı illərin sonundan 2000-ci illərə qədər hasilat sənayesinin (xam və emal olunmuş neft, qaz və digər neft məhsulları) ixracda və ÜDM-də payı artıb. Amma həmin dövrdə kənd təsərrüfatının ÜDM-də payı 25 %-dən 6,5 %-ə, emal sənayesinin payı 2 dəfə, xidmət sektorunun ÜDM-də payı 50 %-dən 33 %-ə qədər aşağı düşüb. 2018-ci ildə isə neft-qaz sektoru ölkənin ixracının 50 %-dən çoxunu və ÜDM-in 30 %-ni təşkil edib. Amma nəhayət neft ehtiyatları bitdikdən sonra bu iqtisadi artım formasına zərbə dəyə bilər”.

Yeri gəlmişkən, Beynəlxalq Enerji Agentliyinin hesablamalarına əsasən, ölkənin neft ehtiyatları gələcək 25 il üçün kifayət edəcək: “Digər tərəfdən, Azərbaycanın bərpa olunan təbii ehtiyatları hələ tam mənimsənilməyib. Doğrudur, meşələr və əkin sahələri daxil olmaqla, bərpa olunan təbii kapitalın payı əhəmiyyətli dərəcədə artmayıb. Baxmayaraq ki, bərpa olunan təbii kapital daha geniş ekosistem xidmətləri təmin etmək potensialına malikdir”.

Qeyd edilib ki, Azərbaycanda “yaşıl enerji”nin inkişafı üçün Xəzər dənizinin bərpa olunan enerji potensialından istifadə etmək olar.

44 filmi