Dubay şəhərində Yaxın Şərq və Şimali Afrika regionunda ekoloji təmiz hidrogen istehsal edən sənaye müəssisəsi fəaliyyətə başlayıb.
“Report” CNBC-yə istinadən xəbər verir ki, Dubay Elektrik və Su Təchizatı İdarəsi (DEWA) və “Expo Dubai 2020” beynəlxalq sərgisinin iştirakı ilə həyata keçirilən pilot layihə çərçivəsində fəaliyyət göstərəcək müəssisə şəhərin 50 kilometrliyində 77 kvadratkilometr sahəyə malik BƏƏ vise-prezidenti Məhəmməd bin Rəşid əl Məqtum adına Günəş parkından enerji əldə edəcək.
Layihəni həyata keçirən “Siemens Energy” şirkətinin baş direktoru Kristian Brux (Christian Bruch) Birləşmiş Ərəb Əmirliklərinin bərpa olunan enerji sahəsində nəhəng imkanlara malik olduğunu və “yaşıl hidrogen” istehsalı baxımdan da hər hansı maneə görmədiyini bildirib: “Məncə, bu layihə BƏƏ və gələcəkdə dünya miqyaslı bərpa olunan enerji ixracatçısına çevriləcək bütün bu region üçün mühüm iqtisadi modelin əsasına çevriləcək”.
Qeyd edək ki, 2020-ci ildə dünyada təmiz mənbələr hesabına elektrik enerjisi istehsalı 45 faiz artaraq 280 Gvt-a çatıb.