Yuxarı

Dövlət Neft Fondunda MHŞT üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib

Tərəflər MHŞT üzrə Komissiyanın üzvlərinin Çoxtərəfli Qrupa seçkisi, burada iştirakının koordinasiyası və digər məsələləri müzakirə ediblər

Bakı. 8 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) Fondun icraçı direktoru Şahmar Mövsümovun sədrliyi ilə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiyanın Nazirlər Kabinetinin 2 fevral 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş yeni tərkibdə ilk iclası keçirilib.

Fonddan "Report"a verilən məlumata görə, sərəncama əsasən, Komissiyanın yeni tərkibinə Dövlət Neft Fondu, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Vergilər, İqtisadiyyat, Energetika, Maliyyə, Ekologiya və Təbii Sərvətlər, Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Dövlət Statistika Komitəsinin nümayəndələri daxildirlər.

İclas zamanı iştirakçılar MHŞT ilə bağlı ümumi məlumat alıb, cari vəziyyət və yeniliklər haqqında MHŞT üzrə Katibliyin təqdimatı ilə tanış olublar. Bundan başqa, tərəflər MHŞT üzrə Komissiyanın üzvlərinin Çoxtərəfli Qrupa (ÇQ) seçkisi, burada iştirakının koordinasiyası və digər məsələləri müzakirə ediblər.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi