Yuxarı

Donqhyun Park: "OPEC+ razılaşmasını uzatmağa ehtiyac yoxdur" - EKSKLÜZİV

Donqhyun Park: "OPEC+ razılaşmasını uzatmağa ehtiyac yoxdur"

"2019-cu ilin ikinci yarısında neft hasilatının azaldılmasına dair OPEC+ çərçivəsində əldə olunan razılaşmanı uzatmağa ehtiyac yoxdur".

Bunu “Report”a Asiya İnkişaf Bankının Makroiqtisadi təhlil və regional əməkdaşlıq departamentinin iqtisadçısı Donqhyun Park bildirib.

Xatırladaq ki, OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin 25-26 iyun tarixlərində Vyana görüşündə hasilatın həcminə dair qərar vermək tövsiyəsi irəli sürülüb.

“Fikrimcə, OPEC hasilatı azaltmalı yox, ümumi mənada qiymətlərin artımına dəstək tədbirləri görməlidir. Çünki hazırda neft qiymətlərini azaltmaqdan daha çox artıran bir çox amil mövcuddur. Odur ki, qiymət artımına təkan vermək üçün heç də hasilatı azaltmaq lazım deyil”, - deyən ekspert neft qiymətlərinin daha çox geosiyasi amillər üzündən artmağa meylli olduğunu qeyd edib.

“Məsələn, dünyada ən iri neft istehsalçısı olan Körfəz ölkələrindən dünya bazarına neftin nəqlində müstəsna əhəmiyyət daşıyan Hörmüz boğazı İran tərəfindən bağlansa, neftin bahalaşacağı şəksizdir. Ümumiyyətlə, neft qiymətlərinin artacağı barədə proqnoz verən geosiyasi oyunçular çoxdur. Səbəb də Venesuela və Liviya kimi iri neft istehsalçı ölkələri ətrafındakı məlum hadisələrdir. Ona görə də yaxın gələcəkdə qiymət artımını gözləyirik. Bu da Azərbaycan, Bruney, Qazaxıstan və Asiyanın bir sıra başqa neft ixrac edən ölkələri üçün müjdədir. Lakin Asiya regionu bütövlükdə neftin netto idxalçısı olduğundan neftin bahalaşması Asiyanın dünya iqtisadiyyatındakı roluna az da olsa, mənfi təsir göstərə bilər”, - deyən ekspert sırf geosiyasi amillərlə bağlı Asiya İnkişaf Bankının neft qiymətlərinin əhəmiyyətli artımı ilə yanaşı, volatilliyini də gözlədiyini qeyd edib.

Xatırladaq ki, OPEC+ sazışi 2016-cı ilin dekabr ayında imzalanaraq sonradan bir neçə dəfə uzadılıb. 2018-ci il 7 dekabr tarixində OPEC+ formatı nazirlərinin V müşavirəsi zamanı həmin ilin oktyabr ayı səviyyəsinə nisbətən günlük hasilatı 1,2 milyon barel azaltmaq barədə razılıq əldə olunub. Bunun 812 min bareli OPEC üzv ölkələrinin, 383 min bareli də qeyri-OPEC ölkələrinin payına düşür. 2019-cu ilin birinci yarısında qüvvədə olan razılaşma çərçivəsində Azərbaycan gündəlik hasilatı 20 min barel azaltmaq öhdəliyini götürüb.

Qeyd edək ki, cari ilin ilk dörd ayı ərzində Azərbaycanda günlük hasilat orta hesabla 770 min barel, ötən il isə 792,6 min barel olub.

İlahə Məmmədli

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi