Deputat Qusarın qaz problemindən danışıb
- 17 noyabr, 2022
- 09:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Hazırda Qusarda yaşayış məntəqələrinin 52 %-i qazla təmin edilir.
“Report” xəbər verir ki, bunu deputat Azər Badamov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, son 4 ildə rayon ərazisində qazlaşma işləri aparılmayıb.
"Magistral qaz kəməri yaxınlığında yerləşən və rayon mərkəzi yaxınlığında yerləşən kəndlər qazlaşdırılsa da, ortada qalan kəndlər qazsızdır.
Bir tərəfdən ağaclar əkib təbiəti yaşıllaşdırırıq, bir tərəfdən isə şəxsi istehlak üçün onları kəsirik. Başqa bir problem isə illər öncə qazlaşdırılan 12 kənddə məktəblər hələ də odunla qızdırılır", - A.Badamov bildirib.
O, həmçinin əlavə edib ki, Həzrə və İmanqulu kəndlərində yerləşən 1950-ci ildə tikilən ailə sağlamlıq mərkəzləri hazırda yararsız vəziyyətdədir: "Qeyd edim ki, bu layihələrin həyata keçirilməsi elə də böyük vəsait tələb etmir, müvafiq qurumların vəsaiti hesabına da həyat keçirmək olar".