Deputat: “Hökumət çalışır qiymətlər digər ölkələrdəki kimi deyil, minimum dərəcədə artsın”

Deputat: “Hökumət çalışır qiymətlər digər ölkələrdəki kimi deyil, minimum dərəcədə artsın” Bu gündən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiymətini 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiymətini isə 1 litr üçün 80 qəpik müəyyən edilib.
Energetika
5 Yanvar , 2021 14:39
Deputat: “Hökumət çalışır qiymətlər digər ölkələrdəki kimi deyil, minimum dərəcədə artsın”

"Hökumət Tarif (qiymət) Şurasının dünənki qərarında Aİ-92 markalı avtomobil benzinin və dizel yanacağın qiymətinə olan dəyişiklikləri bir neçə səbəblə izah edib. Bu səbəblərdən də biri odur ki, qonşu Gürcüstanda və ya Rusiyada benzinin və ya dizelin qiyməti baha olduğu üçün Azərbaycandan daşınaraq ora aparılırdı".

Bunu “Report”a açıqlamasında Milli Məclisin üzvü, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, dövlət həmçinin digər sahələrə ziyan vurmamaq üçün sərnişindaşımaya kompensasiya verəcək, sahibkarlara dövlət tərəfindən yardımlar ediləcək: “Düşünürəm ki, bu, müəyyən tarazlığı gətirəcək. Bundan başqa, ekologiyanın təmiz saxlanılması üçün dizel yanacağının qiyməti Aİ-92 markalı benzindən daha çox artırılır”.

Millət vəkili deyir ki, hökumətin yanacağın artımına izah etdiyi səbəblərdən biri də budur ki, bütün dünyada pandemiya dövründə və sonradan infeksiyaya qarşı vaksin aşkar edildikdən sonra yanacağa olan qiymətlər artıb: “Təbii ki, Azərbaycan da dünya iqtisadiyyatının tərkib hissəsi kimi bütün bu tendensiyalardan geri qalmır. Bu gün Azərbaycanda da belə hallar qeydə alınır”.

T. Kərimli bildirib ki, bütün bunları nəzərə alaraq, Azərbaycan hökuməti də çalışır ki, qiymətlər digər ölkələrdəki kimi deyil, heç olmasa minimum dərəcədə artsın: “Hər halda mənim də, hər kəsin də istəyi budur ki, insanlar bu artımı özündə daha çox hiss etməsin. Hər kəs istəyər ki, yanacağın qiymətinin artması məhsulların daşınma xərclərini, ərzağın qiymətlərini artırmasın. Təbii ki, istərdim ki, bununla bağlı sui-istifadə halları olmasın. Əsası isə odur ki, yanacağın qiymətinin artımından insanlar əziyyətə düşməsin”.

Deputat qeyd edib ki, bunun üçün də hökumət daşınma xərclərinə görə sahibkarlıq subyektlərinə kompensasiya verəcək: “Təbii ki, belə bir şəraitdə sahibkarlıq subyektlərini və daşıma şirkətlərini nəzarətdə saxlamaq lazımdır ki, hökumət verdiyi sözün üstündə dursun və vətəndaşlara ziyan dəyməsin. Təbii ki, insanlar arasında müəyyən narahatçılıq yaranıb. Amma ümid edirəm ki, bütün bunlarla bağlı hökumət tərəfindən əlavə izahlar veriləcək”.

Qeyd edək ki, dünən Tarif (qiymət) Şurası Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiymətini 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiymətini isə 1 litr üçün 80 qəpik müəyyən edib. TŞ-nın məlumatında bildirilir ki, dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.

Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır. Belə ki, hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Rusiyada orta hesabla 1 manat, Ukraynada 1,72 manat, Belarusda 1,14 manat, Gürcüstanda 1,12 manat təşkil edir. Dizel yanacağının qiyməti isə 1 litr üçün Türkiyədə 1,44 manat, Rusiyada 1,12 manat, Ukraynada 1,72 manat, Belarusda 1,21 manat, Ermənistanda 1,19 manat, Gürcüstanda 1,15 manat səviyyəsindədir.

Son illərdə Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2018-ci ildə 28 876, 2019-cu ildə 47 710, 2020-ci ilin 11 ayında isə 47 841 avtomobil idxal edilib. İdxalın artmasına paralel olaraq, benzinə və dizelə tələbat da yüksəlib.

Dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 02.12.2013-cü il, Aİ-92 markalı benzin üzrə isə 14.07.2017-ci il tarixlərində aparılıb. Həmin dövrlərdə ölkə üzrə orta aylıq əmək haqqı müvafiq olaraq 425,1 manat və 528,5 manat təşkil edib. 2013-2020-ci illərdə ölkədə orta aylıq əmək haqqı 66 %, pensiyalar 73 % artıb. Keçən ilin 10 ayında (yanvar-oktyabr) orta aylıq əmək haqqı 704,5 manat təşkil edib.

Tarif (qiymət) Şurasının məlumatına əsasən, Aİ-92 markalı avtomobil benzini əsasən, şəxsi minik avtomobillərində istifadə olunduğundan istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq, həmçinin ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaqdır. Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcəkdir.

Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcəkdir. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaqdır. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarıf dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır.

Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımınına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcəkdir.

Bununla yanaşı, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə də yenidən baxılacaqdır.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin qərarı ilə digər neft məsullarının (Aİ-92 markalı avtomobil benzini, dizel və bitum istisna olmaqla) qiyməti liberallaşdırılıb.

Son xəbərlər

Orphus sistemi