Deputat: “Cənub Qaz Dəhlizi təhlükəsizlik baxımından çox önəmli layihədir”

Deputat: “Cənub Qaz Dəhlizi təhlükəsizlik baxımından çox önəmli layihədir” Gələcəkdə Xəzər dənizin şərq hissəsində olan təbii qaz ehtiyatlarından da istifadə etmək mümkün olacaq
Energetika
12 Fevral , 2021 17:13
Deputat: “Cənub Qaz Dəhlizi təhlükəsizlik baxımından çox önəmli layihədir”

"Cənub Qaz Dəhlizi bütövlükdə dünyanın iqtisadi xəritəsini dəyişdi. Bu layihə istər istehsalçı, istər tranzit, istərsə də istehlakçılar ölkələr üçün çox böyük töhfə verib. Hər üç tərəf bu layihədən böyük iqtisadi səmərə əldə edəcək".

Bunu “Report”a açıqlamasında dünən Prezident İlham Əliyevin iştirakı ilə keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasında müzakirə edilən mövzulara münasibət bildirərkən Milli Məclisin üzvü Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, Avropanın enerji təhlükəsizliyində Cənub Qaz Dəhlizinin mühüm rolu var: “Bu, birmənalıdır. Digər tərəfdən hər kəsə məlumdur ki, bu layihənin birbaşa müəllifi Azərbaycandır və Azərbaycan Respublikasının Prezidentidir”.

Aydın Hüseynov
Aydın Hüseynov

Millət vəkili deyir ki, vaxtilə bu layihənin həyata keçməsinə mane olan müəyyən mərkəzlər vardı: “Bütün bunlara baxmayaraq, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi nəticəsində bu layihə artıq öz həllini tapıb. Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsindən həm istehsalçı, həm də tranzit ölkə kimi çox böyük iqtisadi səmərə götürəcək. Eləcə də istehlakçı ölkələrinin özləri üçün çox etibarlı mənbədir. Azərbaycan enerji təhlükəsizliyində mühüm rol oynayır. Təbii ki, təbii qazın şaxələndirilmiş mənbələrinin olması istehlakçı ölkələr üçün çox əlverişlidir”.

A.Hüseynov qeyd edib ki, bu gün dünya ictimaiyyətinə, həmçinin Azərbaycanla iqtisadi əlaqələri olan dövlətə məlumdur ki, Azərbaycan üzərinə götürdüyü öhdəliyi çox yüksək yerinə yetirir: “Əgər Azərbaycan hər hansı müqaviləyə imza atıbsa, onu layiqincə icra edir. Bir sözlə, bu gün Azərbaycan etibarlı tərəfdaşdır. Bu isə iqtisadi münasibətlərdə çox mühüm rol oynayır”.

Parlamentin üzvü deyir ki, digər tərəfdən, "Cənub Qaz Dəhlizi" təhlükəsizlik baxımından da çox önəmli layihədir: “Bu layihədə iştirakı olan tərəflər – həm istehsalçı, tranzit, həm də istehlakçı ölkələr hər zaman regionda sülhün və təhlükəsizliyin olmasında maraqlı olacaqlar. Bir sözlə, Cənub Qaz Dəhlizi həm də eyni zamanda təhlükəsizliyin təminatıdır. Cənub Qaz Dəhlizi təkcə iqtisadi deyil, həmçinin xalqlar arasında mədəni və humanitar əlaqələri daha da genişləndirəcək. Biz görürük ki, bütövlükdə "Cənub Qaz Dəhlizi" iqtisadi layihə olmaqla yanaşı, həm də regiona təhlükəsizlik gətirən və onun qarantı olan layihədir”.

Deputat vurğulayıb ki, artıq İtaliya, Yunanıstan, Albaniya və Bolqarıstan kimi ölkələr Azərbaycanın təbii qazından istifadə edir: “Bizim qazımız bu ölkələr üçün çox əlverişlidir. Sonrakı mərhələlərdə Avropanın digər bir çox ölkələri də Azərbaycan qazından istifadə etmək imkanları əldə edəcəklər. Çünki, “Şahdəniz” yatağından başqa, “Babək”, “Abşeron”, “Ümid” və s. kimi perspektiv yataqlarında da çox böyük təbii qaz ehtiyatları mövcuddur. Həmçinin gələcəkdə Xəzər dənizin şərq hissəsində olan təbii qaz ehtiyatlarından da istifadə etmək mümkün olacaq. Bu isə onu deməyə əsas verir ki, adıçəkilən ölkələr üçün həm enerji təhlükəsizliyi, etibarlıq və şaxələndirilmə baxımından çox əlverişi və iqtisadi səmərəlidir”.

Qeyd edək ki, dünən fevralın 11-də Bakıda videokonfrans formatında "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclası keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Serbiya, İtaliya, Böyük Britaniya, ABŞ, Yunanıstan, Rumıniya, Türkmənistan, Albaniya, Xorvatiya, Monteneqro, Macarıstan, Bosniya və Herseqovina, Şimali Makedoniyanın nazir və nazir müavinləri və müxtəlif dövlət qurumlarının yüksək səviyyəli təmsilçiləri, o cümlədən Avropa İttifaqı Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson və Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi, həmçinin layihədə iştirak edən şirkətlərin, beynəlxalq maliyyə qurumlarının nümayəndələri iştirak ediblər.

Nazirlərin VII iclası Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Komissiyasının enerji məsələləri üzrə komissarı, Məşvərət Şurasının həmsədri xanım Kadri Simsonun açılış və salamlama nitqlərindən sonra layihə üzrə görülmüş işlərə, həmçinin layihənin perspektivlərinə həsr olunmuş iki plenar sessiya ilə davam etdirilib.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı isə 2020-ci il fevralın 28-də keçirilib.

Son xəbərlər

Orphus sistemi