Bakı Enerji Həftəsi Azərbaycanın enerji potensialının təqdim edilməsi və bu sahədə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, Bakı Enerji Həftəsinə dünyanın aparıcı enerji şirkətlərindən nümayəndə və rəhbərlərin, dövlət rəsmilərinin, beyin mərkəzlərinin əməkdaşlarının qatılması bu tədbiri mühüm platformaya çevirib: "Burada keçirilən tədbirlər, sessiyalar qlobal eneji məsələlərinin müzakirəsinə imkanlar yaradır. Enerji sahəsində dövlət-özəl əməkdaşlığının gücləndirilməsi, yeni ideyaların müzakirəsi bu sahədə real və səmərəli addımların atılmasına gətirib çıxaracaq ki, bu, innovasiya və texnologiyaların təyinatı baxımından da vacibdir".
V.Bayramov qeyd edib ki, bu gün enerji sahəsində ən vacib məqamlardan biri innovativ dəyişikliklərdir: "Bakı Enerji Həftəsi yeni texnologiyalarının şirkətlər tərəfindən təqdim edilməsi və bu sahədə dördüncü sənaye inqilabının nəticələrinin müzakirəsinə də imkan yaradır. Bu baxımdan Bakı Enerji Həftəsi çərivəsində keçirilən tədbirlər, sərgi və görüşlər regional və qlobal əhəmiyyət daşıyır, Azərbaycanın bu sahədəki potensialı ilə yanaşı, gücünün də göstərilməsi üçün önəmli rol oynayır".
Qeyd edək ki, iyunun 4-də Bakı Enerji Həftəsinə start verilib. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir. Bunlar 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil&Gas", 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 29-cu Bakı Enerji Forumudur.
"Caspian Oil&Gas" və "Caspian Power" sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil olunub.