Dekabrda Türkiyə ilk dəfə İrandan spot boru qazı idxal edəcək

Energetika
  • 27 noyabr, 2021
  • 07:05
Dekabrda Türkiyə ilk dəfə İrandan spot boru qazı idxal edəcək

Türkiyə dekabr ayının 1-dən ilk dəfə İrandan Gürbulak təbii qaz kəmərinin giriş nöqtəsindən gündəlik 5,5 milyon kubmetr spot boru qazı idxal edəcək.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) məlumat yayıb.

Bildirilir ki, EPDK-nın elektron spot tutum platforması vasitəsi ilə keçirilən müsabiqədə “Oil Refinery Center Petrol” ve “Petrol Ürünleri İthalatı İhracat Limited” şirkətləri, Gürbulak təbii qaz kəməri vasitəsi ilə dekabr ayında ümumilikdə 170 milyon kubmetr spot boru qaz idxalı üçün sifariş vermək hüququ qazanıb.

Qeyd edilib ki, qlobal bazarlarda qaz qiymətlərinin sürətlə artdığı bu dövrdə Türkiyə İran-Gürbulak və Azərbaycan-Türkgözü giriş nöqtələrindən spot boru qazı idxal edərək daha sərfəli qaz tədarük etməyi hədəfləyir.

EPDK daha öncə, 2022-2024-cü illəri əhatə edən dövr üçün Azərbaycandan spot boru qazı idxalına icazə vermişdi. Azərbaycanla 2024-cü ilin sonuna qədər qüvvədə olacaq, Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql olunan əlavə 11 milyard kubmetr təbii qaz alışına dair müqavilə imzalanıb.

Hazırda Türkiyə ilə “Şahdəniz” yatağının işlənməsinin “Mərhələ-2” çərçivəsində illik 6 milyard kubmetr qaz nəqlinə dair müqavilə qüvvədədir. Ona əlavə olaraq, yeni müqavilə imzalanıb. Yeni müqaviləyə əsasən, 2024-cü ilin sonunadək “Şahdəniz”in “Mərhələ-1” çərçivəsində illlik 3,5 milyard kubmetr qaz nəqli nəzərdə tutulur.

Qeyd edək ki, 2021-ci il aprelin 16-dək Azərbaycan qazının Türkiyəyə nəqli “Şahdəniz” yatağının işlənməsinin “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində müqavilələr əsasında həyata keçirilib. Lakin, aprelin 16-dan etibarən BOTAS ilə “Mərhələ-1” çərçivəsində qaz alqı-satqı müqaviləsinin müddti bitib və tədarük yalnız “Mərhələ-2” çərçivəsində müqavilə əsasında həyata keçirilib.

Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti