Avropa İttifaqı (Aİ) Azərbaycanla enerji sektorunda əməkdaşlığı davam etdirməyi və ola bilsin, genişləndirməyi planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə Aİ-nin enerji və mənzil təsərrüfatı məsələləri üzrə komissarı Dan Yorgensen Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
“Avropada biz Rusiya qazından tam xilas olmağa çalışırıq. Rusiyanın Ukraynaya əsassız hücumundan sonra biz Rusiya qazının idxalını fəal şəkildə azaltmağa başlamışıq. Bu müddət ərzində enerji balansımızda Rusiya qazının payı 45 %-dən 13 %-ə düşüb. Məqsədimiz onu sıfıra endirməkdir. Bu, Azərbaycan kimi etibarlı tərəfdaşların sayəsində mümkün olub və bəlkə də əldə edilə bilər”, - o deyib.
D.Yorgensen qeyd edib ki, Aİ Bakı ilə hazırkı əməkdaşlığı yüksək qiymətləndirir və bunu qarşılıqlı faydalı hesab edir: “Biz bu tərəfdaşlığın potensialına əminik və onu gələcəkdə də davam etdirmək niyyətindəyik, həmçinin onun genişləndirilməsi imkanlarını araşdırırıq”.
Onun sözlərinə görə, Aİ və Azərbaycan “yaşıl keçid” sahəsində də fəal əməkdaşlıq edir: “İqtisadiyyatlarımızı karbondan təmizləməliyik. Aİ-də qarşımıza iddialı məqsəd qoymuşuq - 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq. 2040-cı ilə qədər emissiyaları 90 % azaltmalıyıq. Bu məqsədlərə nail olmaq üçün bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində etibarlı dostlarla tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək vacibdir”.
Yorgensen qeyd edib ki, məhz bu məsələlər hazırkı görüşün əsas mövzularından birinə çevrilib: “İrəli gedərkən bu, bir şeyi aydın anlayprıq: Azərbaycanla bu etibarlı və konstruktiv münasibətləri gücləndirmək istəyirik”.