Vaşinqtonda yerləşən Xəzər Siyasət Mərkəzi (CPC – Caspian Policy Center) ötən gün COVİD-19 pandemiyası nəticəsində enerji bazarında yaranan hazırkı böhrana həsr olunan vebinar keçirib.
“Report” CPC-ya istinadən xəbər verir ki, tədbirdə Dövlət Departamenti və USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi), SOCAR, BP America, Chevron şirkətlərinin rəhbərləri, Xəzər regionu ölkələrinin rəsmi şəxsləri iştirak ediblər.
Tədbiri açan CPC icraçı direktoru Əfqan Nifti bildirib: “Ölkələrin milli təhlükəsizliyinə dair hesablarda, həmçinin Xəzər regionunun da neft və təbii qaz mənbəyi və nəqli üçün tranzit ərazisi qismində mühüm rol oynadığı beynəlxalq münasibətlərinin gündəliyində enerji təhlükəsizliyi məsələsi ən mühüm amil olub və beləcə də qalır”.
ABŞ Dövlət Departamentinin enerji ehtiyatlar katibinin köməkçisinin müavini Kurt Donelli nitqi zamanı deyib: “Bütün dövrlərdə, xüsusilə də indiki dövrdə ehtiyac duyulan hökumətlər, şirkətlər, düşüncə sahibləri, ixtiraçı və yaradıcı insanların görüşləridir. Cənub Qaz Dəhlizi də bizə məhz bu görüş imkanı yaradır”.
USAİD Asiya üzrə administratorunun köməkçisinin müavini Xavier Piedra söyləyib ki, Trans Xəzər Qaz Kəməri regionun enerji təhlükəsizliyini artırmağa yardım edəcək, müstəqilliyini və suverenliyini gücləndirəcək, regionu enerji bazarlarında bərabər imkanlar yaradacaq, Cənubi Qafqaz və Mərkəzi Asiyanın mühüm qovşaqlara çevrilmələrinə yardım edərək regionlararası əməkdaşlığa şərait yaradacaq.
“Mərkəzi Asiya Elektrik Bazarı (CAREM) enerji istehlakını daha etibarlı hala gətirərək elektrik məsrəflərini azaldacaq, özəl sektoru üçün əlverişli şərait yaradacaq şəffaf, birləşmiş elektrik satışı sistemi ərsəyə gətirməklə regionun enerji müstəqilliyini daha da gücləndirəcək. Belə ki, özəl sektorla tərəfdaşlıq styrategiyamızın təməlini təşkil edir. Özəl sahibkarlığın dolanışıq mənbələrini təkmilləşdirən, icmaları gücləndirən, müstəqil təminatı yaxşılaşdıran qüdrətli qüvvə olduğunu USAİD olaraq bilirik,” – o əlavə edib.
Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, hazırda görünməmiş su qətlığı dövrünü yaşayırıq: "Bu da aşağı axın ölkəsi olan Azərbaycan üçün bir sıra problemlər yaradır. Bu məsələ bizi regional əməkdaşlığı genişləndirməyə vadar edərək külək və Günəş enerjisinin tətbiqini təcili zərurət kimi qarşımıza qoyur”.
SOCAR-ın sərmayələr və marketinq vise-prezidenti Elşad Nəsirov diqqətə çatdırıb ki, Xəzər dənizinin statusuna dair konvensiya imzaladığına, Cənub Qaz Dəhlizi də demək olar, tam işə salındığına görə Xəzər karbohidrogenlərinin Avropa İttifaqına nəqlinə əngəl yaratmaq artıq mümkün deyil.
Vebinar iştirakçıları Böyük Xəzər regionu ölkələri ilə regionda fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlığın əhəmiyyətini, Trans Xəzər boru kəməri, Cənub Qaz Dəhlizi, TAP layihələrinin geosiyasi əhəmiyyətini, habelə yeni nəqliyyat xətlərinin, enerji mənbəyini şaxələndirməyin, bərpa olunan enerji istehsalının vacibliyini vurğulayıblar.