Yuxarı

"Citibank": OPEC qəti qərar verməsə, neftin qiyməti kəskin düşəcək

Anlaşmanın bir neçə ay uzadılması və ya gələn ilədək ertələnməsi fyuçerslərin satışını artıracaq

Bakı. 15 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı və Rusiyanın başçılıq etdiyi OPEC+ neft hasilatının azaldılması ilə bağlı anlaşmanın müddəti kifayət qədər uzadılmasa, neft qiymətlərində kəskin azalma baş verəcək. 

"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bunu ABŞ-ın nüfuzlu "Citibank" investisiya bankının Qlobal xammal bazarlarının araşdırılması Departamentinin rəhbəri Ed Mors (Ed Morse) Hyuston şəhərində keçirilən iqtisadçı energetiklərin konfransında bildirib.

Mors qeyd edib ki, investorlar noyabrın 30-da Vyanada keçiriləcək sammitdə 2018-ci il mart ayının sonunda bitən OPEC+ anlaşmasının uzun müddətə uzadılmasını gözləyirlər: "Səudiyyə Ərəbistanı və Rusiya arasında tarixi yaxınlaşma sayəsində hasilatın azaldılmasına nail olunub və bunun davam etdirilməsi tələb olunur. OPEC+ tərəfindən Vyana sammitində qəti addımlar atılmasa, neft fyuçerslərində uzun mövqelərinin kütləvi şəkildə bağlanmasının şahidi ola bilərik".

"Citibank" rəsmisi sammitdə anlaşmanın bir neçə ay uzadılması və ya qərarın 2018-ci ilə qədər ertələnməsi durumunda da kütləvi satışın baş verəcəyini bildirib.

Qeyd edək ki, hazırda anlaşmanın 2018-ci ilin sonuna qədər uzadılmasına Rusiya, Səudiyyə Ərəbistanı, İraq və Oman artıq dəstək verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi