Mart ayında Çinin Səudiyyə Ərəbistanından xam neft idxalı keçən ilin mart ayının göstəricisi ilə müqayisədə 8,8 % artıb. Amma bu ilin fevral ayı ilə müqayisədə azalma müşahidə olunur.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Çinin Baş Gömrük İdarəsinin (BGİ) bu gün yayımladığı məlumatlardan görmək olar.
Belə ki, BGİ-nin məlumatına görə, Səudiyyə Ərəbistanından tədarük 7,84 milyon ton təşkil edib ki, bu da gündəlik 1,85 milyon barelə bərabərdir. Bir il əvvəl martda bu göstərici gündəlik 1,7 milyon barel idisə, bu ilin fevralda idxal göstəricisi gündəlik 1,94 milyon barel olmuşdu. Aylıq müqayisədə azalma olsa da, Səudiyyə Ərəbistanı ardıcıl yeddinci aydır Çinin ən böyük xam neft tədarükçüsü mövqeyini qoruyur.
Ümumiyyətlə, Çinin Şandun neft emalı mərkəzinin limanları yanvar və fevral aylarında bir neçə həftə ərzində xammala tələbatın yüksək olması və limanlarda sıxlıq yaranması səbəbilə çox yükləndiyindən tədarükdə müəyyən ləngimələr olub və demək olar, bütün ölkələrdən idxal səviyyəsi azalıb. “Refinitiv” analitikləri azalmanın aprel ayında da olacağını proqnozlaşdırır.
Diqqət çəkən digər məqam Birləşmiş Ərəb Əmirliklərindən xammal idxalının (0,71 milyon barel/gün) ötən ilin mart ayı ilə müqayisədə 86 % artmasıdır. Bu artımın Çinin ABŞ sanksiyaları altında olan İran neftini BƏƏ-dən alırmış kimi rəsmiləşdirməsi ilə əlaqəli olduğu güman edilir.
“Reuters”in məlumatına görə, son aylarda İrandan Çinə “dolayı” neft tədarükü rekord həddə çatıb. O cümlədən Oman, BƏƏ və Malayziyadan şübhəli xammal təchizatı qeydə alınıb. BGİ-nin rəsmi məlumatına görə isə, martda Çin İrandan bir qram da neft idxal etməyib.