Yuxarı
    Bağlamaq

    ​Cənubi Qafqazda Regional Elektrik Enerjisi üzrə Əməkdaşlıq görüşü keçirilib

    Energetika Nazirliyi: Bütün əməkdaşlıq münasibətlərində Azərbaycan dövlətinin milli maraqları əsas tutulur

    Bakı. 2 iyul. REPORT.AZ/ Gürcüstanın Enerji Xartiyasına sədrliyi çərçivəsində Tbilisidə Cənubi Qafqazda Regional Elektrik Enerjisi üzrə Əməkdaşlıq görüşü keçirilib. Bu barədə "Report"a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Enerji Xartiyası müqaviləsinə əsasən, Şərq-Qərb, Şimal-Cənub Elektrik Dəhlizləri, regional elektrik enerjisi ticarətinin hüquqi, tənzimləyici və texniki çərçivəsinin yaradılması, elektrik enerjisi istehsalı mənbələrinə və transsərhəd enerji infrastrukturlarına sərmayə qoyuluşu məsələlərinin müzakirə edildiyi toplantıda Azərbaycanı energetika nazirinin müavini Natiq Abbasov da iştirak edib. 

    Xatırladaq ki, Azərbaycan ərazilərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal altında saxlanması ilə əlaqədar olaraq, Enerji Xartiyası təşkilatının irəli sürdüyü əməkdaşlıq konsepsiyası iki – Şərq-Qərb (EWEC) və Şimal-Cənub (NOSEC) istiqamətləri üzrə işlənib. Şərq-Qərb istiqamətinə Azərbaycan, Türkiyə, Türkmənistan və Gürcüstan, Şimal-Cənub istiqamətinə isə İran, Ermənistan, Gürcüstan və Rusiya daxildir. Hər iki istiqamət üzrə işçi qruplarının toplantısı birgə baş tutub.

    Tədbirdə çıxış edən energetika nazirinin müavini N.Abbasov Azərbaycanın regionda ilk dəfə olaraq enerji dəhlizini (BTC, BTƏ) yaratdığını diqqətə çatdıraraq bildirib ki, Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi sahəsində əməkdaşlıq yüksək səviyyədədir: “Azərbaycan bütün ölkələrlə milli və dövlət maraqlarına söykənən müqavilə və sazişlər əsasında ikitərəfli qaydada əməkdaşlığa üstünlük verir. Ölkəmizin müstəqillik əldə etdiyi gündən keçdiyi yola nəzər salaraq, qeyd etmək istərdim ki, dövlətin məhz bu cür siyasəti özünü həmişə doğruldur”.

    N.Abbasov “Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsi” çərçivəsində 500 kV-luq Samux-Qardabani, Gürcüstanı Türkiyə ilə birləşdirən 400 kV-luq yüksək gərginlikli elektrik xətlərinin çəkilməsini və "Qara dəniz ötürmə şəbəkəsi layihəsi" çərçivəsində 500/400/220 kV-luq "Axaltsixe" yarımstansiyasını xatırladaraq deyib ki, bütün bunlar enerji dəhlizinin artıq mövcudluğundan xəbər verir. Ona görə də, hazırkı geosiyasi vəziyyətdə, xüsusilə də Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyi bir şəraitdə Şərq-Qərb, Şimal-Cənub Elektrik Dəhlizlərinin Gürcüstanda şəbəkəyə çevrilməsi məsələsini müzakirəyə çıxarmağa ehtiyac yoxdur. Sadalanan həm bu amillər, həm də iqtisadi nöqteyi-nəzərdən belə dəhlizlərdən ibarət şəbəkənin yaradılmasının səmərəsizliyi bu mövzunun gündəlikdən çıxmasını zəruriləşdirir. Beləliklə, Azərbaycan nümayəndə heyətinin səyi nəticəsində Cənubi Qafqazda Transsərhəd elektrik enerjisi əməkdaşlığının təşviqi haqqında Tbilisi Bəyannaməsi müzakirədən çıxarılıb.

    Qeyd edək ki, Azərbaycan 20 ildir müstəqil enerji siyasətini həyata keçirir və bu siyasət bütün ölkələrlə ikitərəfli münasibətlərə, hökumətlərarası sazişlərə və alqı-satqı müqavilələrinə əsaslanır. Bütün əməkdaşlıq münasibətlərində Azərbaycan dövlətinin milli maraqları əsas tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi