Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü 44 % artıb
- 04 noyabr, 2021
- 10:51
Bu ilin yanvar-sentyabr ayları ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətlərə təqribən 39 milyon ABŞ dolları əməliyyat xərcləri sərf edilib.
Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin tərəfdaşları adından 2021-cu ilin üçüncü rübünün yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.
Bu, 2020-ci ilin üçüncü rübünün nəticələri müqayisədə 4 milyon ABŞ dolları və ya 11,4 % çoxdur.
Bu ilin 9 ayında boru kəmərinin əsaslı xərcləri 8 milyon ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrün göstəriciləri ilə eynidir.
Bu ilin 9 ayı ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 46,8 milyon kubmetr olub ki, bu da 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 14,2 milyon kubmetr və ya 43,6 % çoxdur.
Qeyd edək ki, CQBK 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb. Avropaya təbii qazın nəqli isə 2020-ci ilin dekabr ayında başlayıb.
Avqustun 1-də CQBK-nin texniki operatorluğunun “BP Eksploreyşn” (“Şahdəniz”) Limited” şirkətindən “SOCAR Midstream Operations Limited” şirkətinə ötürülməsi prosesi başa çatıb. Beləliklə, COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, bp və SOCAR keçid prosesinin bütün aspektlərini effektiv şəkildə həyata keçirmək üçün sıx əməkdaşlıq edərək 2020-ci ilin mart ayında başlamış keçid prosesini 2021-ci ilin iyul ayında uğurla tamamlamış olublar.
Texniki operatorluğun ötürülməsi “Şahdəniz”in işlənməsinin 2-ci fazası və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələr üzrə Yekun İnvestisiya Qərarının bir hissəsi olaraq 2013-cü ilin dekabr ayında imzalanmış CQBK şirkətinin Boru Kəməri Sahibləri Sazişinin yenilənmiş variantında nəzərdə tutulmuş öhdəliklərə uyğun yerinə yetirilib.
Xatırladaq ki, CQBK şirkətinin sərmayədarları qismində BP (28,83 %), "AzSCP" (10 %), "SGC Midstream" (6,7 %), "Petronas" (15,5 %), "LUKoil" (10 %), NİCO (10 %) və TPAO (19 %) şirkətləri çıxış edir.