Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinə 4 mlrd. dollar xərclənib

Energetika
  • 04 aprel, 2018
  • 08:16
Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinə 4 mlrd. dollar xərclənib

Bakı. 4 aprel. REPORT.AZ/ Bu il fevralın sonuna olan məlumata əsasən, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsinə 4 mlrd. dollar vəsait xərclənib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq “Cənub Qaz Dəhlizi” QSC-dən bildirilib.

CQBKG layihəsinin ümumi dəyəri 4,7 mlrd. dollar təşkil edir.

Qeyd edilib ki, Azərbaycanın layihədə (mövcud Cənubi Qafqaz Boru Kəməri layihəsi daxil olmaqla) payının maliyyələşdirilməsi üçün isə indiyədək 970 mln. dollar sərf olunub.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilib. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə “Şahdəniz Mərhələ 1” qazını çatdırır.

CQBK-nin genişləndirilməsi “Şahdəniz” yatağının tammiqyaslı işlənməsi layihəsinin bir hissəsidir. Genişlənməyə Azərbaycan ərazisində yeni kəmərin çəkilməsi, Gürcüstanda iki yeni kompressor stansiyasının tikilməsi daxildir. Gürcüstan və Türkiyə sərhədində kəmər Trans-Anadolu Boru Kəməri (TANAP) ilə birləşərək qazı Türkiyəyə və Avropaya çatdıracaq. CQBKG ilə bu ilin ortalarında qazın nəqli həyata keçiriləcək.

CQBK-nın sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.

Son xəbərlər

Bütün Xəbər Lenti