Yuxarı

Cənub Qaz Dəhlizi ölkələrinin energetika nazirləri Bakıda toplaşacaq

SGC ölkələri energetika nazirlərinin Məşvərət Şurasının ikinci toplantısı fevralın 29-da keçiriləcək

Bakı. 8 fevral. REPORT.AZ/ Cənub Qaz Dəhlizi (SGC) ölkələrinin energetika nazirlərinin Məşvərət Şurasının ikinci toplantısının fevralın 29-da Bakıda keçirilməsi planlaşdırılır. "Report"un əldə etdiyi məlumata görə, bununla bağlı artıq müxtəlif ölkələri və qurumları təmsil edən şəxslərə rəsmi dəvət məktubları göndərilib.

Dəvət məktubu göndərilənlər hökumət rəsmiləri arasında Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, Türkiyənin enerji və təbii qaynaqlar naziri Berat Albayrak, Yunanıstanın ətraf mühit və energetika naziri Panos Skourletis, Albaniyanın enerji və sənaye naziri Damian Qyiknuri (Damian Gjiknuri), Bolqarıstanın enerji naziri Temenujka Petkova, İtaliyanın sənaye nazirinin müavini Klaudio de Vinsenti (Claudio De Vincenti), İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidi (Federica Guidi), Böyük Britaniya baş nazirinin Azərbaycan, Türkmənistan və Qazaxıstan üzrə ticarət elçisi Lord Astor of Hever DL, Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç, ABŞ-ın enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hoçsteyn (Amos Hochstein), Serbiyanın enerji və mədən naziri Aleksandr Antiç, Xorvatiyanın iqtisadiyyat naziri İvan Vrdolyakın adı var.

Məlumata görə, dəvətlilər sırasında Avropa Komissiyasının Enerji İttifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç (Maroš Šefčovič), Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Sir Suma Çakrabarti, EBRD-nin enerji məsələləri üzrə icraçı direktoru Rikkardo Puliti (Riccardo Puliti), Dünya Bankı qrupunun prezidenti Cim Yon Kim (Jim Yong Kim), Dünya Bankı qrupunun Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müller (Cyril Muller), Asiya İnkişaf Bankının (ADB) prezidenti Takehiko Nakao, ADB-nin özəl sektordakı əməliyyatlar üzrə baş direktoru Tod Frilənd (Todd Freeland), Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) icraçı vitse-prezidenti vəzifəsinin icra edən və baş icraçı direktor (CEO) Efiopis Tafara (Ethiopis Tafara), Avropa İnvestisiya Bankının (EIB) prezidenti Verner Hoyer (Werner Hoyer), EIB-in Cənubi Qafqaz üzrə vitse-prezidenti Laslo Baranya, Trans-Anadolu Boru Kəmərinin (TANAP) baş direktoru Hüseyin Saltuk Düzyol, Trans-Adriatik Boru Kəmərinin (TAP) baş icraçı direktoru Yan Bredşounun (Jan Bradshow) da adı yer alıb.

Qeyd edək ki, SGC ölkələrinin energetika nazirlərinin Məşvərət Şurasının birinci görüşü 2015-ci il fevralın 12-də Bakıda keçirilib və həmin iclasda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi