"Cənub Qaz Dəhlizi" layihəsinin perspektivləri müzakirə olunub

"Cənub Qaz Dəhlizi" layihəsinin perspektivləri müzakirə olunub Fevralın 11-də Bakıda videokonfrans formatında "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclası keçirilib
Energetika
12 Fevral , 2021 10:48
Cənub Qaz Dəhlizi layihəsinin perspektivləri müzakirə olunub

Fevralın 11-də Bakıda videokonfrans formatında "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclası keçirilib.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Serbiya, İtaliya, Böyük Britaniya, ABŞ, Yunanıstan, Rumıniya, Türkmənistan, Albaniya, Xorvatiya, Monteneqro, Macarıstan, Bosniya və Herseqovina, Şimali Makedoniyanın nazir və nazir müavinləri, müxtəlif dövlət qurumlarının yüksək səviyyəli təmsilçiləri, o cümlədən Avropa İttifaqı Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson və Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi, həmçinin layihədə iştirak edən şirkətlərin, beynəlxalq maliyyə qurumlarının nümayəndələri iştirak ediblər.

Nazirlərin VII iclası Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Komissiyasının enerji məsələləri üzrə komissarı, Məşvərət Şurasının həmsədri xanım Kadri Simsonun açılış və salamlama nitqlərindən sonra layihə üzrə görülmüş işlərə, həmçinin layihənin perspektivlərinə həsr olunmuş iki plenar sessiya ilə davam etdirilib.

“Cənub Qaz Dəhlizi: Nailiyyətlər, TAP layihəsinin tamamlanması və Azərbaycandan Avropaya qaz təchizatına başlaması” mövzusuna həsr edilmiş birinci sessiyası energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyinin çıxışları ilə öz işinə başlayıb.

Plenar sessiya çərçivəsində "Cənub Qaz Dəhlizi" layihəsinin yekunlaşması ilə bağlı TAP AG şirkətinin icraçı direktoru Luca Schieppati, TANAP-ın baş direktoru Saltuk Düzyol, Azərbaycan Qaz Təchizatı şirkətinin (AGSC) baş meneceri xanım Lidya Salahova, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun hesabat və təqdimatları dinlənilib.

Sessiyada həmçinin, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz, ABŞ Dövlət Katibi köməkçisinin müavini Kurt Donnelly, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, İtaliya Respublikası İqtisadi İnkişaf Nazirliyinin İnfrastruktur və Enerji Sistemləri üzrə Baş direktoru Gilberto Dialuce, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natela Turnava, Türkmənistanın dövlət naziri, “Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanov, Yunanıstanın energetika və ətraf mühit naziri Kostas Skrekas, Bolqarıstanın energetika naziri Temenujka Petkova, Albaniyanın infrastruktur və energetika nazirinin müavini İlir Bejtja çıxış ediblər.

“Cənub Qaz Dəhlizi”nin növbəti mərhələsi: perspektivlər və çağırışlar” mövzusuna həsr olunmuş ikinci plenar sessiyada Avropa İttifaqı Komissiyasının energetika üzrə baş direktoru Florian Ermakora və SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov çıxış edərək Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanın strateji rolundan, layihənin Avropada enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsinə verəcəyi töhfələrin əhəmiyyətindən danışıblar.

Sessiyada Serbiya Baş nazirinin müavini, dağ-mədən sənayesi və energetika naziri Zorana Mixayloviç, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Vircil Daniel Popesku, Monteneqronun kapital investisiyaları naziri Mladen Boyaniç, Şimali Makedoniyanın iqtisadiyyat naziri Kreşnik Bekteşi və Xorvatiya İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Dövlət Katibi Ivo Milaticin çıxışları dinlənilib.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasının yekunlarına dair həmsədrlərin mətbuat üçün birgə bəyanat sənədi qəbul edilib.

Son xəbərlər

Orphus sistemi