Cavad Övci: "OPEC+" nazirlərinin qərarı neft qiymətlərinə mütləq təsir edəcək"

Energetika
  • 29 mart, 2022
  • 08:07
Cavad Övci: OPEC+ nazirlərinin qərarı neft qiymətlərinə mütləq təsir edəcək

Aprelin 3-də Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin ("OPEC+") nazirlərinin 27-cı iclası keçiriləcək.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

İranın neft naziri Cavad Övci IRNA agentliyinə bildirib ki, bu mühüm görüşdür, gələcək həftələr və aylarda neft qiymətlərinə mütləq təsir edəcək: “OPEC+ üzvü olan ölkələrlə lobbiçilik və məsləhətləşmələr davam edir. Ümid edirik ki, bu toplantıda üzv ölkələrin aldığı qərarlarla yaxşı şeylər olacaq”.

Bildirək ki, hazırda siyasi risklərdən təsirlənən qara qızılın qiyməti 100 ABŞ dollarından çoxdur.

Rusiyanın Ukraynaya təcavüzündən bir aydan çox vaxt keçib və ötən həftə Yəmən qüvvələrinin Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumları neftin qiymətinin qalxmasına səbəb olub.

Səudiyyə Ərəbistanı hücumlardan sonra neft bazarının tarazlığından məsul olmadığını açıqladıqdan sonra neft qiymətləri hər gün bir faiz artıb.

Qeyd edək ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 26-cı iclasında qlobal neft bazarında volatilliyin azaldılmasına dəstək məqsədilə gündəlik neft hasilatının apreldə 400 min barel artırılmasına qərar verilib.

Yeni razılaşma Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin aprelində daha 7 min barel artırılaraq 682 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 36 min barel həcmində olmasını nəzərdə tutur.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min brrel artırılmasına, 5,8 milyon barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və maydan etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.

OPEC - neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə 1960-cı ildə Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub.

Təşkilatın qərargahı 1965-ci ildən Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir. Hazırda OPEC-in 13 üzvü var. (Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela).

Qeyri-OPEC ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan) təşkilatla “OPEC plus” formatında sıx əməkdaşlıq edir. “OPEC plus” əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.

Son xəbərlər

Bütün Xəbər Lenti