Cari istilik mövsümündə proqnozlaşdırılan qaz istehlakının həcmi açıqlanıb
- 21 noyabr, 2022
- 13:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Noyabrın 15-də başlayan cari istilik mövsümündə 9,1 milyard kubmetr qaz istehlakı proqnozlaşdırılır.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Bildirilib ki, ötən istilik mövsümündə 8,6 milyard kubmetr qaz istehlak olunub.
Belə ki, cari istilik mövsümündə ötən illə müqayisədə istehlak ediləcək qazın həcmi 0,5 milyard kubmetr və ya 5,8 % artacaq.
Xatırladaq ki, "Azəristiliktəchizat" ASC xidmət zonası hüdudlarında istilik mövsümünün başlanması və başa çatması tarixləri bu sahədə mövcud olan Tikinti Norma və Qaydaları əsas götürülməklə xarici havanın temperaturundan asılı olaraq müvafiq yerli icra hakimiyyəti orqanını məlumatlandırmaqla respublikanın dağlıq rayonlarında 1 noyabr - 1 may, digər ərazilərdə isə 15 noyabr - 15 aprel tarixinə kimi nəzərdə tutulur.
Həmin gündən etibarən respublikanın dağlıq və dağ-ətəyi əraziləri hesab edilən Şuşa (7+1 istilik məntəqəsi), Şabran (6), Xaçmaz (8), Quba (3), Qusar (1) və Lerikdə (1) cəmi 26 qazanxana və 1 istilik məntəqəsi işə qoşulub.
Bakı şəhəri və respublikanın regionlarında olan digər 538 qazanxana və 87 istilik məntəqəsi isə 15 noyabr tarixindən işə qoşulub.