“Bulgargaz”: “İGB-nin tikintisi gecikərsə, Azərbaycanla təcili danışıqlara ehtiyac var”
- 17 yanvar, 2022
- 06:42
Azərbaycana məxsus təbii qazı Bolqarıstana ötürəcək Yunanıstan-Bolqarıstan qaz kəmərinin (İGB, İnterconnector Greece – Bulgaria) istismara verilməsi daha da gecikərsə və 2022-ci il iyulun 1-dən sonraya qalarsa, "Bulgargaz" şirkəti Azərbaycandan qazın alternativ marşrutu üçün yeni danışıqlar aparmalı olacaq.
“Report” Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın qaz tədarükü şirkətinin məlumatında deyilir.
Bildirilir ki, şirkət alternativ marşrut üzrə müvəqqəti təchizat müqavilələrinin yenidən uzadılması üçün “siyasi səviyyədə qəti dəstək” tələb edirlər.
“Bulgargaz”ın İGB-nin nə vaxt hazır olacağı barədə məlumatı yoxdur. Azərbaycanla müqavilənin müddəti isə bu ilin 30 iyununda başa çatır.
ICGB layihə şirkəti qaz bağlantısının tikintisinin 2021-ci ilin sonuna, istismara verilməsinin isə iyunun sonunda baş tutacağını gözləyirdi. Ancaq son günlər Bolqarıstanın energetika naziri Aleksandr Nikolov dəfələrlə etiraf edib ki, kəmərin tikintisi hələ də ləngiyir və Yunanıstan tərəfi ilə görüşlər də daxil olmaqla işləri sürətləndirmək üçün yollar axtarılır. Həmçinin gecikdirməyə görə birləşdirici kəmərinin tikintisini həyata keçirən “Avax” şirkətinə qarşı cinayət sanksiyalarının tətbiqi tələb olunur", - məlumatda deyilir.
Bu arada, enerji tənzimləyicisi xəbərdarlıq edib ki, qaz kəmərinin sertifikatlaşdırılması 6 ay çəkir və ICGB hələ də sənədləri təqdim etməyib.
“Bulgargaz” isə bildirib ki, Bolqarıstanın Enerji Holdinqi (BEH) və Energetika Nazirliyi ilə birgə həyata keçirilən “uzun dərin peşəkar təhlil və qiymətləndirmədən” sonra marşrutun dəyişdirilməsi üçün Azərbaycanın təchizatçı şirkəti ilə danışıqlar aparılıb. Dəyişiklik qərarı təkcə qaz şirkətinin rəhbərliyi tərəfindən qəbul edilməyib.
Onsuz da, ölkə razılaşdırılmış həcmlərin dəyərinə görə cinayət sanksiyaları tətbiq etmək riski ilə üzləşib.
Şirkətin məlumatında deyilir ki, bağlanmış sazişlər tamamilə Bolqarıstan tərəfinin marağındadır: “Bunu imzalamaqla Azərbaycan tərəfinin müqavilə üzrə tədarük marşrutunun, yəni IGB qaz kəməri olmaması nəzərə alınmaqla, müqavilə üzrə cəza maddəsini aktivləşdirmək imkanı istisna edilir”.
Qaz tədarükü operatoru xatırladır ki, Azərbaycanın mövqeyi isə dəyişməz olaraq qalır. Hazırda Azərbaycandan tədarük edilən qaz dünya bazarındakı qiymətlərə nisbətən daha ucuzdur, lakin danışıqlar zamanı bu, belə deyildi.
Xatırladaq ki, hazırda Bolqarıstan Azərbaycandan illik təxminən 350 milyon kubmetr qaz alır. Baxmayaraq ki, 1 milyard kubmetrin tədarükü razılaşdırılıb.
Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.
Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.
O, həmçinin cənubdan şimala qaz tədarükü üçün Şaquli Qaz Dəhlizinin əsas olduğu regional infrastruktur layihələrindən də danışıb. “EastMed” boru kəməri bölgə ölkələrinə Kipr, İsrail və Şərqi Aralıq dənizindəki qaz yataqlarına çıxışı təmin edəcək.