Bu ilin sonunadək ACE-də hasilat həcmləri açıqlanıb
- 05 noyabr, 2024
- 10:20
Bu ilin sonuna kimi Xəzər dənizində “Azəri-Çıraq-Günəşli” yatağında quraşdırılmış yeddinci platforma olan yeni “Mərkəzi-Şərqi-Azəri”dən (ACE) daha bir hasilat quyusunun istismara verilməsi planlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2024-cü ilin üçüncü rübünün yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.
Bununla da ACE-dən hasilatın tədricən artaraq ilin sonuna gündəlik təxminən 24 000 barelə çatacağı gözlənilir.
Qeyd edək ki, aprelin ortalarında ACE platformasından ilk neft əldə olunub. Platformada hazırda iki quyudan gündə təxminən 19 000 barel neft hasil olunur.
Bildirilib ki, 2024-cü ildə AÇG yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlanıb. Balaxanı və Fasilə lay dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadrat kilometr, qəbuledicilərin altında isə 507 kvadrat kilometrlik bir ərazini əhatə edir. Proqramın ümumi dəyərinin təxminən 370 milyon ABŞ dolları, icra müddətinin isə 5 il (2024-2028) olacağı planlaşdırılır. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə BP-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramıdır. Seysmik məlumat toplama üzrə bu il üçün nəzərdə tutulmuş iş həcmi artıq təhlükəsiz şəkildə və qrafikdən əvvəl tamamlanıb, hazırda əldə olunmuş seysmik məlumatların emalı davam edir.
Xatırladaq ki, ACE texnoloji və rəqəmsal baxımdan BP-nin dünyada idarə etdiyi ən qabaqcıl platformadır. Platformanın innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verməklə əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir. Platforma tam avtomatlaşdırılmış ən müasir qazma qurğusu ilə təchiz olunub. Müasir texnologiya və yeni proseslərin tətbiqi əməliyyatlar nəticəsində yaranan emissiyaları azaltmağa da kömək edir.
ACE platformasının təhlükəsiz şəkildə işə salınması 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin müddətinin uzadılmasından sonra AÇG tərəfdaşlarının qəbul etdiyi ilk böyük investisiya qərarının reallaşmasıdır.