Azərbaycan I rübdə Yunanıstana qaz ixracını 2 dəfə artırıb
- 24 may, 2024
- 06:24
Bu ilin yanvar-mart aylarında Azərbaycan Yunanıstana 160 milyon 161,46 min kubmetr qaz ixrac edib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Statistik məlumatlara görə, hesabat dövründə Yunanıstana tədarük edilən Azərbaycan qazının dəyəri 78 milyon 375,81 min ABŞ dolları təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi kəmiyyət ifadəsində 2 dəfə və ya 79 milyon 816,89 min kubmetr artıb. Dəyər ifadəsində azalma 55,6 % və ya 98 milyon 247,76 min ABŞ dolları olub.
Ümumilikdə, bu ilin ilk üç ayında Azərbaycan 1 milyard 752 milyon 107,96 min ABŞ dollara (25,4 % az) 4 milyard 932 milyon 908,72 min kubmetr qaz (61,5 % çox) ixrac edib. Çatdırılmalar 6 ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana həyata keçirilib. Eyni zamanda, bu dövrdə Azərbaycan qazının bütün ixracının 3,2 %-i Yunanıstanın payına düşüb.
2023-cü ildə Azərbaycan Yunanıstana 900 milyon 286,15 min ABŞ dollara (21,2 % az) 1 milyard 117 milyon 467,2 min kubmetr qaz (43,4 % çox) həcmində qaz ixrac edib.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb. Bu günə qədər TAP-ın ötürücülük qabiliyyəti 12 milyard kubmetri ötüb, 2027-ci ilin sonuna qədər isə 20 milyard kubmetrə çatdırılacaq.