Bu ilin I rübü ərzinndə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunda stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.
“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Məlumata görə, rüb ərzində AÇG-dən ümumi hasilat – “Çıraq” (30 000), “Mərkəzi Azəri” (112 000), “Qərbi Azəri” (130 000), “Şərqi Azəri” (79 000), “Dərinsulu Günəşli” (89 000) və “Qərbi Çıraq” (44 000) platformalarından birlikdə – gündə orta hesabla 484 000 barel və ya ümumilikdə təxminən 44 milyon barel, yəni 6 milyon ton olub.
Bu ilin I rübündə AÇG-dən hasilatın həcmi ötən ilin müvafiq dövründən 6,25 % azdır.
Rübün sonunda AÇG-də ümumilikdə 133 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.
İlin birinci rübü ərzində AÇG-də 3 neft hasilatı və 2 suvurma quyusu qazılıb.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.