Yuxarı

"BP-Azerbaijan": Bu ilin sonuna AÇG-dən 500 mln ton neftin hasil olacağı gözlənilir

Bu ilin gözlənilən əlamətdar hadisəsi nə olacaq?

Bu ilin sonuna Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda hasil olunan neftin həcminin 500 mln.ton olacağı gözlənilir.

“Report” xəbər verir ki, bunu "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə bildirib: "Bu ilin gözlənilən əlamətdar hadisələrindən biri də ilin sonuna doğru AÇG-dən 500 mln ton neftin hasilatıdır. Təbii ki, bu hasilat tempinə bağlıdır. İlin sonu və ya gələn ilin əvvəlində ola bilər. Bu, AÇG-nin 25 illiyi qədər əhəmiyyəti olan hadisədir".

O, həmçinin qeyd edib ki, yataqlar blokunun gələn il üzrə iş planı və büdcəsi Hasilatın Pay Bölgüsü sazişi üzrə rəhbər komitə (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti - ABƏŞ) tərəfindən təsdiqlənib.

 B.Aslanbəyli "Şahdəniz" qaz kondensat yatağı üzrə də bu il hasilat göstəriciləri planının tam yerinə yetirildiyini qeyd edib: "Növbəti ilin planı artıq SOCAR-la danışılıb. Növbəti ilin hasilat rəqəmləri üzərində iş gedir".

Xatırladaq ki, Azəri və Çıraq yataqlarından, habelə Günəşli yatağının dərin hissəsindən hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair fərqli saziş imzalanıb. Həmin sazişdə iştirakçıların payları aşağıdakı kimidir: BP 30,37%, AzACG (SOCAR) 25%, “Chevron” 9,57%, “İmpex” 9,31%, “Equinor” (keçmiş “Statoil”) 7,27%, “ExxonMobil” 6,79%, TPAO 5,73%, “İtochu” 3,65%, ONGC “Videsh” 2,31%.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.

Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi