Bu il TANAP ilə qaz nəqli 18 % artırılacaq

Energetika
  • 16 mart, 2022
  • 08:06
Bu il TANAP ilə qaz nəqli 18 % artırılacaq

Trans-Anadolu Boru Kəməri (TANAP) ilə 2021-ci ildə Türkiyə və Avropaya ümumilikdə 13,73 milyard kubmetr Azərbaycan qazı nəql olunub.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilir ki, bu il Azərbaycan qaz tədarükünü 18 % artırılmasını nəzərdə tutur. Belə ki, 2022-ci ilin sonuna qədər TANAP ilə ümumilikdə 16,2 milyard kubmetr təbii qazın nəqli planlaşdırılır.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

“Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycanın “mavi yanacağı” TANAP vasitəsilə Türkiyə bazarına, TAP vasitəsilə Avropa bazarına ötürülür. Avropaya birinci mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə 20 milyard kubmetr qazın ötürülməsi nəzərdə tutulur. Cənub Qaz Dəhlizinin ümumilikdə ötürülmə gücü 31,5 milyard kubmetrə çatdırılacaq.