Bu il “Şahdəniz” yatağından hasil edilən qazın həcmi açıqlanıb
- 03 avqust, 2023
- 10:53
Bu ilin birinci yarısında “Şahdəniz” yatağından ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 13 milyard standart kubmetr qaz və təqribən 2 milyon ton (təqribən 18 milyon barel) kondensat hasil edilib.
“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından bu ilin birinci yarısının nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Hesabat dövründə “Şahdəniz” yatağından qaz hasilatının həcmi ötən ilin birinci yarısının göstəriciləri ilə müqayisədə eynidir. Həmçinin, kondensat hasilatının həcmi də ötən ilin birinci yarısının dövrü ilə müqayisədə eynidir.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 72,6 milyon (ildə 26,5 milyard) standart kubmetrdir.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), “LUKoil” (19,99 %), TPAO (19,00 %), NİKO (10,00 %) şirkətləri iştirak edir.