Bu il “Şahdəniz” yatağı üzrə əsaslı xərclər 2,2 dəfə artıb

Energetika
  • 03 avqust, 2023
  • 10:46
Bu il “Şahdəniz” yatağı üzrə əsaslı xərclər 2,2 dəfə artıb

Bu ilin birinci yarısında “Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən eyniadlı qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 1 milyard 208 milyon ABŞ dollar əməliyyat xərcləri və 408 milyon ABŞ dolları əsaslı xərclər çəkib.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından bu ilin birinci yarısının nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bu ilin birinci yarısında “Şahdəniz” yatağı üzrə əməliyyat xərclərinin həcmi ötən ilin müvafiq dövründən 52 milyon ABŞ dolları və ya 4,1 % az, əsaslı xərclərin həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 222 milyon ABŞ dolları və ya 2,2 dəfə artıb.

Bildirilib ki, bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), “LUKoil” (19,99 %), TPAO (19,00 %), NİKO (10,00 %) şirkətləri iştirak edir.

Son xəbərlər

Bütün Xəbər Lenti