Bu il Rusiyada neft hasilatı 2 % artıb
- 29 sentyabr, 2022
- 11:02
Bu ilin avqust ayında qaz kondensatı da daxil olmaqla Rusiyada neft hasilatı 2021-ci ilin avqust ayı ilə müqayisədə 2,1 % artaraq 45 milyon ton təşkil edib.
Bu barədə “Report” Rusiya Statistika Komitəsinə (Rosstat) istinadən məlumat verib.
Bildirilir ki, bu ilin səkkiz ayı ərzində Rusiyada 354 milyon ton kondensat da daxil olmaqla neft hasil edilib ki, bu da 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3,1 % çoxdur. Ölkədə 42,1 milyon ton neft (qaz kondensatsız) hasil edilib ki, bu da 2021-ci ilin avqust ayı ilə müqayisədə 0,7 % çoxdur.
Orta gündəlik neft hasilatı (OPEC+ sazişində nəzərə alınmayan kondensatsız) avqustda 1,358 milyon ton təşkil edib ki, bu da 7,22 barel əmsalı ilə sutkada 9,8 milyon barel deməkdir. Avqust ayı üçün OPEC+ sazişi çərçivəsində Rusiyanın icazə verilən hasilat səviyyəsi sutkada 11 milyon barel təşkil edir. Bununla da gecikmə təxminən gündəlik 1,2 milyon barel olub.
Avqustda neft məhsullarının istehsalı 1,1 % azalıb. Yanvar-avqust aylarında istehsal 2021-ci ilin eyni dövrü ilə müqayisədə bir qədər - 0,7 % azalıb.
Avqustda avtomobil benzininin istehsalı 3,8 milyon ton təşkil edib ki, bu da ötən ilin avqust ayı ilə müqayisədə 6,4 % çoxdur. Səkkiz ayın yekunlarına görə, 28,4 milyon ton benzin istehsal edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 5,7 % çoxdur.
Ötən ay Rusiyada dizel yanacağının istehsalı 7,2 milyon ton təşkil edib ki, bu da 2021-ci ilin avqust ayı ilə müqayisədə 2,9 % çoxdur. Yanvar-avqust aylarında isə 55,9 milyon ton dizel istehsal edilib ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 5,5 % çoxdur.