Bu il Neft Fondu “Şahdəniz”dən gəlirlərini 10 dəfəyədək artırıb
- 05 may, 2022
- 13:20
Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından qaz və kondensat satışından 405,475 milyon ABŞ dolları gəlir əldə edib.
"Report" Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 363,123 milyon ABŞ dolları və ya 9,6 dəfə artıb.
Gəlirlərin 96,995 milyon ABŞ dolları kondensat satışından əldə olunub. Bu, 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 54,643 milyon ABŞ dolları və ya 2,3 dəfə çoxdur.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİCO (10 %) "SGC Upstream" (6,7 %) şirkətləri iştirak edir.