Bu il BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 32 % artıb
- 17 iyun, 2022
- 13:28
Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 14 milyon 771,6 min ton neft nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, daha əvvəlki ilin yanvar-may ayları ilə nisbətən 0,36 % çoxdur.
Bu ilin yanvar-may ayları ərzində nəqletmənin 79,8 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
Hesabat ayları ərzində BTC vasitəsilə 11 milyon 780,9 min ton neft ötürülüb. Bu isə 2021-ci ilin 5 ayı ilə müqayisədə 5,9 % çoxdur..
Dövr ərzində BTC kəməri ilə 2 milyon 010 min ton tranzit nefti də nəql edilib ki, bu da 2021-ci ilin ilk 5 ayının göstəricisi ilə müqayisədə 32 % çoxdur.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
BTC Ko.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), EksonMobil (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.