Bu il BTC kəməri ilə nəql edilən neftinin həcmi 2 % artıb
- 15 dekabr, 2023
- 10:23
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 36 milyon 403,2 min ton neft nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2022-ci ilin yanvar-noyabr aylarına nisbətən 5,8 % çoxdur.
Ötən 11 ay ərzində nəqletmənin 75,9 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
Bu ilin yanvar-noyabr ayları ərzində bu kəmər vasitəsilə 27 milyon 635,3 min ton neft ötürülüb. Bu, 2022-ci ilin 11 ayı ilə müqayisədə 1,9 % artıb.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,7 %-ini və ya 22 milyon 854,5 min tonunu Azərbaycanda hasil edilən neft, 17,3 %-ini və ya 4 milyon 780,8 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.
BTC Ko.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), EksonMobil (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.