Yuxarı

Bu il Bakı-Ceyhan kəməri ilə 19 mln. tondan artıq Azərbaycan nefti nəql olunub

İndiyədək BTC-yə 283 mln. tona yaxın neft vurulub

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 298 159 ton Azərbaycan nefti nəql olunub. Bu isə ötən ilin avqust ayı ilə müqayisədə 7% azdır.

"Report" Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, 2015-ci ilin yanvar-avqust aylarında bu kəmərlə 19 157 662 ton neft ötürülüb və bu, ötən ilin analoji dövründən 2% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə veriləndən (2006-cı il) 2015-ci il sentyabrın 1-nə qədər BTC-yə 282,982 mln. tondan artıq neft vurulub.

Bundan başqa, 2015-ci ilin avqust ayında BTC kəməri ilə ümumilikdə 347,05 min ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub ki, bu da ötən ilin avqust ayına nisbətən 28% azdır.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri 2006-cı ilin iyun ayında istismara verilib, kəmərin gündəlik ötürmə gücü hazırda 1,2 mln. bareldir.

BTC boru kəməri ilə Azərbaycandan əsasən "Azəri-Çıraq-Günəşli"  (AÇG) yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından hasil olunan kondensat daşınır. Bundan əlavə, BTC vasitəsilə tranzit Mərkəzi Asiya nefti nəql olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi